Türkiyə millisinin baş məşqçisi postuna namizədlər arasında yer alan Serqen Yalçınla bir neçə əsas futbolçu arasında gərginlik yaşandığı iddia olunur. Buna səbəb mütəxəssisin televiziya şərhçisi kimi çalışdığı dövrdə həmin oyunçular barədə səsləndirdiyi sərt tənqidi fikirlərdir.
Türkiyənin notbir.com.tr portalının məlumatına görə, jurnalist Sercan Həmzaoğlunun sözlərinə görə, millinin əsas heyətində yer alan bir neçə futbolçu Yalçının və onun köməkçisinin zənglərinə cavab verməyib.
Həmzaoğlu məsələ ilə bağlı məlumatlı olduğunu bildirərək futbolçuların bu münasibətinin səbəbini açıqlayıb: “Milli komanda ilə bağlı mühüm bir məsələnin içindəyəm. Serqen Yalçın və köməkçisi əsas heyətdən iki-üç futbolçu ilə əlaqə saxlamağa çalışıblar, amma oyunçular zənglərə cavab verməyiblər. Səbəb Yalçının televiziya şərhçisi olduğu vaxt həmin futbolçular haqqında çox sərt fikirlər səsləndirməsidir”.
Jurnalist insidentdə adı hallanan futbolçulardan birinin mövqeyini də açıqlayıb. Həmin oyunçu Yalçınla münasibət qurmaq niyyətində olmadığını bildirib: “Onun zənglərinə cavab verməyəcəyəm. Mənim üçün belə bir insan yoxdur. Baş məşqçi olsa, nə dəyişəcək ki? Televiziyada məni bu qədər sərt tənqid edən birinin mənə məşqçilik etməsini qəbul edə bilmərəm”.
Bununla belə, Türkiyə Futbol Federasiyası (TFF) Serqen Yalçınla milli komandanın bəzi futbolçuları arasında ünsiyyət problemi yaşandığı barədə məlumatları təkzib edib. Federasiyanın prezidenti İbrahim Hacıosmanoğlu Yalçına üstünlük verməsinin səbəblərini açıqlayaraq onun insani keyfiyyətlərinə, xarakterinə və futbol biliyinə inandığını vurğulayıb.
Məlumata görə, Serqen Yalçın Türkiyə millisi ilə dördillik əməkdaşlıq barədə razılığa gəlib. Mütəxəssis əsas hədəflərinin Avropa və dünya çempionatları olduğunu bildirib. Tərəflər arasında prinsipial razılığın əldə olunduğu, baş məşqçinin təyinatı ilə bağlı rəsmi açıqlamanın isə TFF İdarə Heyətinin bu gün keçiriləcək iclasından sonra veriləcəyi iddia olunur.