Azərbaycanın futzal millisi Qazaxıstanın Aktau şəhərində meydan sahiblərinə qarşı keçirdiyi ikinci yoldaşlıq görüşündən məğlubiyyətlə ayrılıb (2:4). İlk matçdakı ağır nəticədən (2:9) sonra komandanın nümayiş etdirdiyi oyunu baş məşqçi Yevgeni Kukseviç şərh edib.
Mütəxəssis bildirib ki, komanda ilk oyundan sonra həm fiziki, həm də psixoloji cəhətdən toparlanmağı bacarıb: “İlk qarşılaşmadan sonra yaxşı dincəldik və bərpa olunduq. Bu dəfə rəqibin nüfuzunu, azarkeş təzyiqini və adaptasiya problemlərini kənara qoyaraq oyuna tam hazır çıxdıq. Məhz buna görə deyə bilərəm ki, bu gün daha keyfiyyətli oyun nümayiş etdirdik”.
Kukseviçin fikrincə, komandanın inkişafı üçün güclü rəqiblərlə qarşılaşmaq zəif rəqiblər üzərində qazanılan asan qələbələrdən daha əhəmiyyətlidir. O, səhvlər üzərində işləməyin vacibliyini vurğulayıb: “Güclü rəqiblərlə oyunlar bizə çatışmazlıqlarımızı görməyə imkan verir. Zəif rəqibə qalib gəlib sevinmək yerinə, səhvlərimiz üzərində işləyib təkmilləşməliyik. Oyun çətin keçsə də, uşaqlar meydanda nələrə qadir olduqlarını göstərdilər”.
Görüşün nəticəsini qiymətləndirən baş məşqçi, bəzi anlarda soyuqqanlılığın çatmadığını qeyd edib: “Bəzi epizodlarda maksimum dəqiqliklə oynamağa çalışsaq da, düşündüklərimizi sona çatdıra bilmirdik. Bir qədər soyuqqanlılıq çatmadı. Lakin bu səviyyəli matçlarda məğlub olsaq belə, nümayiş etdirdiyimiz uğurlu taktiki gedişlər bizim üçün gələcək qələbələrin təməlidir”.