Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Arsenal” doğma meydanda “Sportinq”i qəbul edib. İlk oyunda səfərdə qazanılan minimal hesablı qələbə (1:0) “topçular” üçün kifayət qədər əlverişli üstünlük idi. Lakin Lissabon təmsilçisi yarımfinal ümidlərini sona qədər qoruyaraq London səfərinə revanş hissi ilə yollanmışdı.
Görüşün ilk dəqiqələrindən təşəbbüsü ələ alan “Arsenal” rəqib qapısı önündə təhlükəli anlar yaratdı. Martinellinin cərimə meydançasına kəskin ötürməsi və İnkapyenin zərbəsi “Sportinq” müdafiəçilərinin fədakarlığı sayəsində nəticəsiz qaldı. Deklan Raysın uzaq məsafədən bəxtini sınaması isə hədəfdən bir qədər yan keçib.
Qonaqlar 18-ci dəqiqədə Trinkau ilə təhlükəli cavab hücumu qursalar da, futbolçunun zərbəsi dirəyin cüzi fərqlə yanından keçib. Hissənin sonuna doğru oyunun tempi daha da artdı. Fasilə ərəfəsində “Sportinq” oyunun bəlkə də ən real qol şansını qaçırdı: Katamonun cinah ötürməsini birtoxunuşla tamamlamasına baxmayaraq, top qapıçı Rayanı keçsə də, uzaq dirəyə dəyərək geri qayıtdı.
İkinci hissənin dərhal ardınca “Sportinq” təzyiqi artırmağa çalışdı, lakin Arauxonun əlverişli vəziyyətdən vurduğu zərbə uğursuz alındı.
Matçın son akkordlarında Trossard künc zərbəsindən sonra fərqlənməyə çox yaxın olsa da, onun baş zərbəsi qapı dirəyinə tuş gəldi. Qalan dəqiqələrdə tərəflərin səyinə baxmayaraq, hesab dəyişməydi – 0:0.
İki oyunun nəticəsinə görə adını ÇL-in yarımfinalına yazdıran “Arsenal”, final yolunda “Atletiko” ilə üz-üzə gələcək.
Çempionlar Liqası. 1/4 final, cavab oyunu
“Arsenal” (İngitərə) – “Sportinq” (Portuqaliya) 0:0