Azərbaycan Premyer Liqasının XI turunda səfərdə “Zirə”yə dramatik sonluqla məğlub olan (1:2) “Qəbələ”nin baş məşqçisi Yeton Bekiri matçdan sonra mətbuat konfransında iştirak edib. Şimali makedoniyalı mütəxəssis görüşün böyük bölümündə yaxşı təsir bağışladıqlarını, lakin son dəqiqələrdə fiziki çatışmazlıqlar və səhvlər ucbatından xalsız qaldıqlarını bildirib.
Xəbər verir ki, baş məşqçi əvvəlcə oyunun gedişini qiymətləndirib və buraxılan qola etirazını gizlətməyib: “Matçın böyük hissəsində yaxşı oynadıq. Lakin son 20 dəqiqədə fiziki baxımdan rəqibə çatdıra bilmədik. 89-cu dəqiqədə qol buraxmaq xoş deyil. Həmin epizodda beş futbolçumuz rəqibə mane ola bilərdi, amma bunu bacarmadılar. Futbolda isə hər şey mümkündür”.
Komandasının hücum xəttindəki problemlərə də toxunan çalışdırıcı mövcud durumu düzəltmək üçün çalışacaqlarını vurğulayıb: “Hücumda çatışmazlıqlarımız var və qol vurmaqda çətinlik çəkirik. Vəziyyəti düzəltmək üçün vaxtımız var. “Zirə”ni qələbə münasibətilə təbrik edirəm. Rəqiblə bərabər səviyyədə mübarizə apardıq, işimizi davam etdirəcəyik”.
Mütəxəssis Eşqin Əhmədovun Azərbaycan milli komandasına dəvət olunmasında özünün rolunun olub-olmaması ilə bağlı sualı isə belə cavablandırıb: “Onu təbrik edirəm. Keyfiyyətli futbolçudur və uzun müddətdir burada çıxış edir. “Qəbələ”nin bir çox baş məşqçisi onun uğurunu öz aktivinə yaza bilər. Təbii ki, mənim də bu işdə müəyyən əməyim olub”.