Son illərdə “Aston Villa”nın ən parlaq ulduzu olan Olli Uotkins Birmingem təmsilçisində azarkeşlərin əsas qəzəb hədəfinə çevrilib. Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçmək istəyən təcrübəli hücumçu ilə fanatlar arasında körpülər yanmaq üzrədir.
30 yaşlı ingilislə “Aston Villa” arasında 2028-ci ilə qədər müqavilə mövcud olsa da, Səudiyyə təmsilçisi oyunçunu heyətinə qatmaqda israrlıdır. “Əl-Hilal” Birmingem klubuna dördüncü rəsmi təklifini göndərərək 34 milyon funt-sterlinq təklif edib, lakin “Aston Villa” rəhbərliyi bu məbləği də kifayət hesab etməyərək rədd edib.
Uotkins son mövsümlərdə komandanın əvəzolunmaz bombardiri olub. O, 2023/24 mövsümündə 19, 2022/23-də 15, 2021/22-də 11 və 2020/21 mövsümündə 14 qola imza ataraq klubun ən vacib fiquruna çevrilmişdi.
Uzun sürən transfer saqası Premyer Liqanın elə ilk turundaca pik nöqtəsinə çatıb. “Aston Villa”nın baş məşqçisi Unay Emeri Uotkinsin mövsümün start matçının iştirak ərizəsinə salınmamasını hücumçunun şəxsi istəyi ilə əlaqələndirib. Təcrübəli mütəxəssis ingilis futbolçunun transfer danışıqları fonunda özünün oyuna çıxmaq istəmədiyini açıqlayıb.
Bu addım Birmingem təmsilçisinin azarkeşləri tərəfindən xəyanət kimi dəyərləndirilib və fanatlar bir zamanlar sevimliləri olan hücumçudan birdəfəlik üz döndəriblər. Sosial şəbəkələrdə kəskin tənqid atəşinə tutulan Uotkins və həyat yoldaşı azarkeşlərin qəzəbinə tuş gəlib və futbolçunun paylaşımlarının rəy bölməsi artıq xəyanəti simvolizə edən ilan (🐍) emojiləri ilə dolub.