“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 12-ci turunda “Araz-Naxçıvan” üzərində qazandıqları 3:1 hesablı qələbəni şərh edib.
Ukraynalı mütəxəssis qələbəyə sevinsə də, komandasının buraxdığı qoldan narazılığını gizlətməyib. O, rəqibin turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmasına baxmayaraq, əsl gücünün bundan daha yüksək olduğunu vurğulayıb: “Qələbə qazandığımız üçün sevinirik. Futbolçulara da demişdim ki, ‘Araz-Naxçıvan’ turnir cədvəlində sonuncu olsa da, əsl yeri bu deyil. Üstəlik, rəqibin daim oynadığı süni örtüklü meydançada mübarizə aparırdıq. Bu da müəyyən çətinliklər yaradırdı. Bəzən topa nəzarətdə problemlə üzləşir, top itkilərinə yol verirdik.
Məni məyus edən əsas məqam buraxdığımız qoldur. Hazırda turnir cədvəlində elə mövqedəyik ki, belə qollar buraxmamalıyıq. Sanki bal çəlləyinə acı bir şey qatdıq. Halbuki daha bir neçə qol vura bilərdik. Oyunu təhlil edəcək, nəticə çıxaracağıq. Azarkeşlərimizə təşəkkür edirəm. Onlar hər zaman ‘Neftçi’nin yanındadırlar və bu gün də komandaya yüksək səviyyədə dəstək oldular”.
Baş məşqçi Qustavo Klismanın dublunu da xüsusi qeyd edib. Vernidub braziliyalı futbolçunun mövsümdə vurduğu qolların sayının altıya çatmasından məmnunluğunu ifadə edib: “Klisman haqqında yalnız xoş sözlər deyə bilərəm. Onun bu gün vurduğu qollar məni sevindirdi. Artıq altı qolu var. Ona inanırıq və ondan çox şey gözləyirik”.
Vernidub növbəti turda “Zirə” ilə keçiriləcək qarşılaşma barədə danışarkən isə revanş hissindən yox, qələbə istəyindən söz açıb: “Bu oyunla bağlı ‘revanş’ sözünü işlətmək istəməzdim. Biz də, rəqib də qələbə qazanmaq istəyəcəyik. Məqsədimiz maksimum gücümüzü ortaya qoyub qalib gəlməkdir. Bu qarşılaşmanı səbirsizliklə gözləyirəm. İndidən nəsə demək istəmirəm. Ümid edirəm ki, yaxşı oyun göstərəcəyik və qələbə qazanacağıq”.