İspaniya millisinin ikinci dünya çempionluğu kubokunu qazandıran futbolçular bu tarixi zəfəri sosial şəbəkələrdə nostalji və emosional paylaşımlarla qeyd ediblər. Ferran Torres, Qavi və Pedri kimi gənc ulduzların uşaqlıq xəyallarını əks etdirən fotoları azarkeşlərin böyük marağına səbəb olub.
İspaniyaya qızıl medalları gətirən 26 yaşlı Ferran Torres ilin ən təsirli kadrlarından birinə imza atıb. O, 10 yaşında oyuncaq kubokla çəkdirdiyi fotosu ilə Nyu-Yorkda qazandığı gerçək Dünya kuboku ilə çəkdirdiyi yeni fotosunu yan-yana paylaşıb: “Bu, dünyadakı bütün uşaqların arzusudur. İndi planetin ən xoşbəxt insanı mənəm!”
İspaniya 2010-cu ildə İnyestanun qolu ilə ilk dəfə dünya çempionu olarkən Lamin Yamal və Pau Kubarsi cəmi 3, Qavi isə 6 yaşında idi. Çempionluq hissini 21 yaşında Nyu-Yorkda yaşayan “Barselona” ulduzu Qavi zəfər günündə 6 yaşındakı fotosunu paylaşaraq duyğularını belə ifadə edib: “Məni bu yuxudan oyatmayın! Vaxtilə Xesus Navas adına stadionda dünya çempionluğunu xəyal edən Los-Palasioslu balaca oğlanın arzusu çin oldu. İndi, 21 yaşımda, tarixdə əbədi qalacaq bu möhtəşəm heyətin bir hissəsiyəm”.
23 yaşlı Pedri isə zəfəri özünün bir il əvvəl verdiyi dəqiq proqnozla qeyd edib. Ötən il Millətlər Liqasının finalında Portuqaliyaya penaltilər seriyasında uduzduqdan sonra Pedri Lamin Yamal və Niko Uilyamsla fotosunu paylaşıb altına “190726” (19 iyul 2026 — Dünya Çempionatının final tarixi) yazmışdı.
Bazar gününkü tarixi zəfərdən sonra gənc yarımmüdafiəçi həmin paylaşımına kuboku öpdüyü yeni fotosu ilə cavab verərək verdiyi sözün arxasında durduğunu nümayiş etdirib.
