UEFA Avropa Liqası və Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.
Ölkəmiz bu həftə reytinq cədvəlinə 0,500 xal əlavə edib. Bu xalların 0,250-si UEFA Konfrans Liqasında Minsk “Dinamo”sunu 1:0 hesabı ilə məğlub edən “Neftçi”nin hesabına yazılıb. Digər 0,250 xal isə “Zirə”nin Konfrans Liqasında Estoniyanın “Payde” klubu ilə 1:1 hesablı heç-heçəsi və “Qarabağ”ın Avropa Liqasında Bolqarıstan ÇSKA-sı ilə əsas vaxtı 0:0 başa çatan qarşılaşması (penaltilər seriyasında 4:5) sayəsində qazanılıb.
Hazırda Azərbaycanın UEFA reytinqində ümumi əmsalı 21,187-yə yüksəlib və ölkəmiz 26-cı pillədə qərarlaşıb. Ölkəmizi 22,125 xalla İsrail qabaqlayır, 19,875 xala malik Slovakiya isə 27-ci sırada yer alır.
Ölkəmiz cari avrokubok mövsümünə 18,562 əmsal xalı ilə başlamışdı.