The Telegraph nəşrinin yaydığı məlumata görə, FIFA-nın dünya çempionatının səhmlərinin satışı planından imtina etməsinə baxmayaraq, İnfantinoya olan etimad bərpa olunmayıb. Əksinə, UEFA rəhbərliyi FIFA prezidentinə qarşı etimadsızlıq səsverməsinin keçirilməsi təşəbbüsünü irəli sürməyi planlaşdırır.
Mənbənin iddiasına görə, İnfantinonun səsvermədən yayınmasının yeganə yolu həmin vaxta qədər könüllü şəkildə istefa verməsidir. UEFA-nın bu prosesi başlatmaq üçün 55 üzv assosiasiyadan ən azı 43-nün dəstəyinə ehtiyacı var. Bu şərt yerinə yetirilərsə, məsələ FIFA Konqresinin müzakirəsinə çıxarıla bilər.
İnfantinonun vəzifəsindən kənarlaşdırılması üçün isə FIFA-nın 211 üzv assosiasiyasından ən azı 106-sının etimadsızlıq səsverməsində onun əleyhinə səs verməsi tələb olunur.
The Times qəzeti də yazır ki, bir neçə konfederasiya gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində isveçrəli funksionerin vəzifədən uzaqlaşdırılması istiqamətində fəal fəaliyyət göstərir.
Norveç Futbol Federasiyasının prezidenti Liza Klaveness də vəziyyətin sürətlə dəyişdiyini bildirib: “İki həftə əvvəl ABŞ-da olduğumuz zaman Canni İnfantino, demək olar ki, Norveç istisna olmaqla, bütün ölkələrin dəstəyinə malik idi. İndi isə dönüş nöqtəsinə çatmışıq və hadisələr çox sürətlə əks istiqamətdə inkişaf edir”.
Klaveness hesab edir ki, yaranmış böhran yaxın vaxtlarda vəziyyətin həllinə təkan verəcək: “Belə aşağı nöqtəyə çatmaq həmişə pisdir. Amma bəzən məhz belə məqamlar daha geniş dəstəyin formalaşmasına imkan yaradır”.
Qeyd edək ki, növbəti futbol üzrə dünya çempionatı 2030-cu ildə İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək.