Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək FİFA prezident seçkilərində Canni İnfantinoya rəqib olacaq.
UEFA-nın məlumatına görə, 63 yaşlı funksioner Avropa futbol qurumunun İcraiyyə Komitəsində və FİFA Şurasında təmsil olunan milli assosiasiyaların yekdil dəstəyini qazanıb. Diallo Aleksander Çeferinin sədrliyi ilə keçirilən iclasa dəvət olunub və namizədliyini irəli sürməyə razılıq verib. Bununla belə, onun namizədliyi Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsi tərəfindən də rəsmən təsdiqlənməlidir. Namizədlərin müraciəti üçün son tarix noyabrın 18-dir.
Diallo 2023-cü ildən Fransa Futbol Federasiyasına rəhbərlik edir. O, bir sıra qalmaqallar və cinsi qısnama ittihamlarından sonra vəzifəsini tərk edən Noel Le Qraeni əvəzləyib. Bundan əvvəl Fransa futbolunun idarəetmə strukturlarında, o cümlədən peşəkar klubları və liqanı təmsil edən qurumlarda çalışıb. 2023-cü ildən UEFA İcraiyyə Komitəsinin üzvüdür.
UEFA-nın Diallonu dəstəkləməsi FİFA ilə Avropa futbol qurumu arasında münasibətlərin gərginləşdiyi dövrə təsadüf edir. Münaqişənin əsas səbəblərindən biri İnfantinonun FİFA-nın dünya çempionatı da daxil olmaqla, böyük turnirlərinin kommersiya hüquqlarını idarə edəcək yeni şirkət yaratmaq təşəbbüsü olub. Özəl investorların da cəlb edilməsini nəzərdə tutan bu plan Avropa futbol rəhbərlərinin ciddi etirazına səbəb olub. UEFA hətta turnirləri boykot etməklə hədələyib. Nəticədə FİFA bu təklifdən geri çəkilib.
Fransa Futbol Federasiyası hələ sentyabrda İnfantinoya dəstəyini dayandırıb. Həmin vaxt Diallo FİFA prezidentinin addımlarının dünya futbolunun nüfuzuna və birliyinə ciddi zərbə vurduğunu, etimadın itirildiyini bildirmişdi.
İnfantinonun mümkün rəqibləri arasında Yaponiyanın Futbol Assosiasiyasının sabiq prezidenti Kozo Tacima və keçmiş isveçrəli futbolçu Ramon Veqanın da adları çəkilir. Namizədliyin qeydə alınması üçün ən azı beş milli federasiyanın dəstəyi tələb olunur.
Bununla belə, İnfantino hələ də seçkilərin əsas favoriti hesab edilir. O, 2016-cı ildən FİFA-ya rəhbərlik edir və 2023-cü ildə rəqibsiz şəkildə yenidən prezident seçilib. İsveçrəli funksioner Avropadan kənarda, xüsusilə də bir sıra Afrika, Asiya və digər konfederasiyaların üzvləri arasında güclü dəstəyə malikdir.
UEFA isə Diallonun Avropadakı dəstəkdən əlavə, xüsusilə fransızdilli Afrika ölkələrinin federasiyalarının da səsini qazana biləcəyinə ümid edir. Bu baş tutarsa, 2027-ci ilin martında keçiriləcək seçkilər İnfantinonun hakimiyyəti dövründə onun üçün ən ciddi sınaqlardan birinə çevrilə bilər.