Avropa Liqasının birinci təsnifat mərhələsində “Derri Siti” ilə keçirilən cavab görüşündə baş verən azarkeş insidentlə bağlı UEFA həm Bolqarıstanın ÇSKA, həm də İrlandiya təmsilçisi barəsində intizam işi açıb.
Qurumun ilkin qərarına əsasən, iyulun 23-də Bakıda “Qarabağ”a qarşı keçiriləcək ikinci təsnifat mərhələsinin ilk oyunu üçün ÇSKA-nın qonaq sektora bilet satışı dayandırılıb. İntizam işi üzrə yekun qərar çıxarılana qədər bu məhdudiyyətin qüvvədə qalması tövsiyə olunub.
Bolqarıstan klubu azarkeşlərin Bakıdakı oyunda iştirakını təmin etmək üçün səylərini davam etdirir. ÇSKA rəhbərliyi “Derri Siti” ilə oyundakı təhlükəsizlik və təşkilati çatışmazlıqlarla bağlı arqumentlərini UEFA-ya təqdim edəcəyini açıqlayıb.
Klub rəsmi bəyanat yayaraq, oyun zamanı baş verən zorakılıq və xoşagəlməz halları qətiyyətlə pisləyib. ÇSKA rəhbərliyi öz azarkeşlərini təmkinli olmağa, irqçilik və ayrı-seçkilik xarakterli hərəkətlərdən çəkinməyə çağırıb.
Xatırladaq ki, “Qarabağ” və ÇSKA arasında ilk qarşılaşma iyulun 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.