Dünya Çempionatının startı ərəfəsində Kürasao futbolunda əsl xaos yaşanır. Tarixində ilk dəfə mundiala vəsiqə qazanaraq böyük bir nağıla imza atan ada dövləti, hazırda daxili çəkişmələr və istefalarla çalxalanır. Federasiyanın baş məşqçi Fred Ruttenlə bağlı qərarı həm futbolçuları, həm də komandanın əsas sponsorunu ayağa qaldırıb.
Hər şey fevral ayında, komandanı uğurdan-uğura daşıyan təcrübəli mütəxəssis “Vəkil” ləqəbi Dik Advokatın gözlənilməz istefası ilə başladı. 78 yaşlı baş məşqçi ağır xəstə olan qızına vaxt ayırmaq üçün postundan ayrılmalı olmuşdu. Lakin onun xələfi Fred Ruttenin gəlişi ümidləri doğrultmadı. Kürasao millisi onun rəhbərliyi altında çıxdığı ilk iki matçda acınacaqlı nəticələr göstərdi. Əvvəl Çin (0:2), daha sonra Avstraliya (1:5) yığmasına uduzdu.
Son məlumatlara görə, Advokatın ailəvi vəziyyəti stabilləşib və futbolçuların böyük əksəriyyəti onun turnir başlamadan geri dönməsini tələb edir. Lakin Kürasao Futbol Federasiyasının prezidenti Gilbert Martina bütün qapıları bağlayıb: “Dünya Çempionatında komandanın başında Fred Rutten olacaq. Bu məsələdə müzakirəyə yer yoxdur”.
Bu qərar təkcə komanda daxilində deyil, maliyyə cəbhəsində də ciddi itkilərə yol açıb. Hollandiyanın NOS telekanalının yaydığı məlumata görə, millinin əsas sponsoru olan “Corendon” aviaşirkəti (sahibi türkiyəli iş adamı Atilay Uslu) əməkdaşlığı dayandırır.
Məlumata görə, Atilay Uslu şəxsən Dik Advokatın böyük tərəfdarıdır və federasiyanın Rutten inadına etiraz olaraq, Dünya Çempionatından dərhal sonra sponsorluq müqaviləsinə xitam verəcəyini açıqlayıb.