“Qarabağ” Toral Bayramovla yollarını ayırıb. Ağdam təmsilçisinin mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, tərəflər futbolçunun Türkiyə klubuna transferi ilə bağlı razılığa gəliblər.
Açıqlamada qeyd olunur ki, transferin reallaşmasında Türkiyənin köklü təmsilçisi “Bursaspor”un ciddi marağı və futbolçunun legioner həyatı yaşamaq, karyerasını xaricdə davam etdirmək istəyi həlledici rol oynayıb: “Bursaspor”un transfer təklifini dəyərləndirən klub rəhbərliyimiz, oyunçunun inkişafı və legioner karyerası qurmaq istəyinə hörmətlə yanaşaraq müsbət qərar verib. Aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında müqavilə şərtləri razılaşdırılıb”.
2020-ci ildən “Qarabağ”ın heyətində çıxış edən Toral Bayramov uğurlu performansı ilə yadda qalıb. Ağdam klubunun forması ilə 254 matçda meydana çıxan 24 yaşlı futbolçu 37 qola imza atıb. O, “Qarabağ”ın heyətində 5 dəfə Azərbaycan çempionu, 2 dəfə isə ölkə kubokunun qalibi olub. Azərbaycan milli komandasının heyətində 40 oyun keçirən Bayramov rəqib qapılarına 5 dəfə yol tapıb.