Kataloniya qüruru “Real”ı 2:0 hesabı ilə məğlub edərək İspaniya çempionu tituluna sahib çıxdı. Tarixdə ilk dəfə La Liqa çempionluğu birbaşa “El Klasiko”da rəsimləşdi.
Bu qarşılaşma sadəcə meydandakı rəqabətlə deyil, həm də pərdəarxası gərginliklərlə yadda qaldı. Hələ oyun başlamazdan əvvəl Madrid təmsilçisinin düşərgəsində sözün əsl mənasında “fırtına” qopmuşdu. Orelien Çuameni və Federiko Valverde arasındakı dava fransız futbolçunun xəstəxanaya düşməsi ilə nəticələnmişdi. Üstəlik, Kilian Mbappenin son məşqdə özünü pis hiss etdiyini bildirərək heyətdən kənar qalması “Real”ın hücum potensialını iflic etdi.
Kataloniyada da ehtiraslar coşub-daşırdı. ‘Barselona’ fanatlarının rəqib komandaya hazırladığı ‘isti qarşılama’ gözlənilməz sonluqla bitmişdi. Rəqib avtobusunu daşa basan ‘Barsa’ fanatları, yaranan xaosda səhvən öz komandalarının avtobusuna da ziyan vurmuşdular.
“Kamp Nou”da bayramın startını Markus Reşford verdi. 9-cu dəqiqədə cərimə meydançasının kənarından yerinə yetirilən standart vəziyyət zamanı o, topu gözlənilmədən yaxın küncə göndərdi. Tibo Kurtuanı çarəsiz qoyan bu zərbə, Ronaldinyonun 2002-ci il dünya çempionatında İngiltərəyə vurduğu əfsanəvi qolu xatırlatdı.
Hansi Flikin Robert Levandovskini ehtiyatda saxlayıb Ferran Torresi start heyətinə daxil etməsi riskli görünsə də, öz bəhrəsini verdi. İlk qolda qayda pozuntusuna məruz qalan Ferran, 18-ci dəqiqədə Dani Olmonun möhtəşəm ötürməsindən sonra hesabı 2:0-a çatdırdı. Qalan vaxt ərzində komandaların səyinə baxmayaraq hesab dəyişmədi.
Əzəli rəqib üzərində qazanılan qələbə ilə gələn çempionluq və şəxsi görüşlərdəki statistik üstünlük – bundan daha artığını xəyal etmək mümkündürmü? “Barselona”ya ümumi top fərqində “Real”ı qabaqlamaq üçün cəmi üç qol çatmadı. Lakin bu temp və amansız rəqabət fonunda Kataloniya təmsilçisinin tarixi bərabərliyi tam bərpa etməsi üçün çox gözləməyəcəyimiz bəllidir.
Kataloniya bayram edir – İspaniyanın yeni kralı “Barselona”dır!