UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la ilk görüşündən (1:0) öncə Kiyev “Dinamo”sunun soyunub-geyinmə otağında kifayət qədər gərgin anlar yaşanıb. Paytaxt klubunun prezidenti İqor Surkis komandanın motivasiyasını və meydandakı fədakarlığını artırmaq üçün prosesə şəxsən müdaxilə edib.
Kiyev təmsilçisinin pərdəarxası məqamlarını ukraynalı tanınmış idman jurnalisti Mixail Spivakovski “TaToTake” YouTube kanalındakı verilişində açıqlayıb. İnsayderin sözlərinə görə, Surkis “Qarabağ”la həlledici matç öncəsi futbolçularla gözləniləndən də sərt və emosional söhbət aparıb: “Futbolçuların dediyinə görə, “Qarabağ”la matçdan əvvəl klub prezidenti İqor Surkis gəldi. Soyunub-geyinmə otağında elə bir ciddi tənbeh və təzyiq oldu ki, uşaqlar uzun müddətdir belə şey görməmişdilər”.
Spivakovski bildirib ki, məsuliyyətli avrokubok oyunu öncəsi belə emosional silkələnmə komandaya hava və su kimi lazım idi.
Prezidentin müdaxiləsi matçın ilk dəqiqələrindən öz bəhrəsini verib. Kiyev klubunun oyunçuları yaşıl meydançada tamam başqa səviyyədə mübarizə və fiziki aktivlik nümayiş etdiriblər: “Meydana çıxanda həmin tənbehin inersiyasını aydın görmək olurdu. Futbolçular meydanda alovlanırdı, çox yüksək tempdə qaçırdılar”.
Məhz soyunub-geyinmə otağındakı bu emosional yük “Dinamo”ya matç boyunca yüksək tempi qorumağa və “Qarabağ”la görüşdə minimum hesablı üstünlük əldə etməyə imkan verib.