AFFA İntizam Komitəsi Premyer Liqanın 30-cu turunun “Kəpəz” – “Sumqayıt” matçındakı hadisələrlə bağlı qərarlarını açıqlayıb. “Gənclik şəhəri” təmsilçisi həm kadr itkisi, həm də maliyyə sanksiyası ilə üzləşib.
İclasın qərarına əsasən, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev oyun başa çatdıqdan sonra hakimlər otağına daxil olduğu üçün sərt cəzalandırılıb. O, 2-si şərti olmaqla ümumilikdə 5 oyunluq diskvalifikasiya edilib. Bu qayda pozuntusuna görə klub 5000 manat cərimə olunub.
Klubun baş məşqçisi Saşa İliç də intizam sanksiyalarından kənarda qalmayıb. Görüşün gedişində referinin qərarına kəskin etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulan serbiyalı mütəxəssis 2 oyunluq cəzaya məruz qalıb. Baş məşqçinin qeyri-etik davranışına görə klub büdcəsindən əlavə 5000 manat ödəyəcək.
Beləliklə, “Sumqayıt” bir oyunun nəticəsində ümumilikdə 10 000 manat maliyyə itkisi ilə bərabər, həm rəhbər, həm də məşqçi korpusunun xidmətindən məhrum olub. Xatırladaq ki, sözügedən qarşılaşma “Kəpəz”in 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı