AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXXIII turunda qeydə alınan qayda pozuntuları ilə bağlı növbəti cərimələri təsdiqləyib.
“Sumqayıt” – “Qarabağ” matçından sonra meydana kənar şəxslərin daxil olması İntizam Komitəsinin diqqətindən yayınmayıb. Meydanda təhlükəsizlik qaydalarının pozulmasına görə “Sumqayıt” 2500 manat məbləğində cərimələnib. Həmin oyunda azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi səbəbindən “Qarabağ” isə 8000 manat ziyana düşüb.
“Kəpəz” – “Neftçi” görüşündə də intizam pozuntuları qeydə alınıb. “Kəpəz”in heyətində 4 futbolçunun sarı vərəqə ilə cəzalandırılması gəncəlilərə 700 manata başa gəlib. “Neftçi”nin futbolçusu İfenayi Metyu isə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib. Nəticədə, Metyu 1-i şərti olmaqla 2 oyunluq diskvalifikasiya olunub, “ağ-qaralar” isə 1000 manat cərimə ödəməli olacaq.