UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Kiyev “Dinamo”sunu turnirdən kənarlaşdıran “Qarabağ” adını pley-offa yazdırıb. Səfərdə minimal hesablı məğlubiyyətlə üzləşən “köhlən atlar” doğma meydanda 2:0 hesablı parlaq qələbə qazanaraq mərhələ adlayıblar.
Qrup mərhələsinə gedən yolda Ağdam klubunu sonuncu və ən ciddi sınaq gözləyir. Həlledici pley-off mərhələsində təmsilçimiz Niderlandın “Tvente” klubu ilə üz-üzə gələcək.
“Tukkerlər” üçüncü təsnifat mərhələsində Slovakiyanın DAK 1904 (“Dunayska Streda”) kollektivini iki oyunun cəmində darmadağın ediblər – 9:3 (6:0, 3:0). Cavab matçı hər nə qədər niderlandlılar üçün o qədər də parlaq alınmasa da, Con van den Bromun yetirmələri hədəfə çatmağı bacarıblar.
Bu cütün qalibi Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq. Maraqlıdır ki, avrokuboklarda zəngin təcrübəyə malik “Qarabağ”dan fərqli olaraq, “Tvente” tarixində hələ heç vaxt bu turnirin əsas mərhələsində çıxış etməyib.
Statistik təhlil portalı “Football Meets Data”nın hesablamalarına görə, analitik olaraq cütün favoriti “Tvente” göstərilir. Xatırladaq ki, niderlandlılar ötən mövsüm avrokuboklardan kənarda qalsalar da, “Qarabağ” mövsümü daha yüksək səviyyəli turnirlərdə keçirmişdi.