Türkiyə Super Liqasında 2026/2027-ci illər mövsümünə start verilib. Ardıcıl 5-ci çempionluq hədəfi ilə yola çıxan “Qalatasaray” açılış matçında doğma “RAMS Park”da liqanın debütantı “Çorum FK”-nı qəbul edib. Lakin qarşılaşma meydan sahibləri üçün gözlənilməz xal itkisi ilə başa çatıb – 2:2.
Matçın ikinci hissəsində azarkeşlər əsl qol düellosunun şahidi olublar. 53-cü dəqiqədə Viktor Osimhenin dəqiq zərbəsi ilə hesabda önə keçən “sarı-qırmızılılar”ın sevinci çox çəkməyib. 59-cu dəqiqədə Fredidən sol cinahda topu alan Aleksandros Kiziridis mərkəzə doğru irəliləyərək uzaq küncə vurduğu mükəmməl zərbə ilə hesabı bərabərləşdirib. Bu qol həm də “Çorum”un Super Liqa tarixində ilk qol kimi tarixə düşüb. Bundan cəmi iki dəqiqə sonra qonqlar daha bir qol vuraraq hesabda irəli çıxıb.
“Qalatasaray”ın qısa müddət ərzində öz meydanında ardıcıl iki qol buraxaraq hesabda geri düşməsi “RAMS Park” tribunalarında ciddi narazılığa səbəb olub. “Çorum”un 61-ci dəqiqədəki qolundan dərhal sonra azarkeşlər rəhbərliyi istefaya səsləyən şüarlar səsləndiriblər.
Qarşılaşmanın 70-ci dəqiqəsində qonaqlar azlıqda qalıb. İlk qolun müəllifi Kiziridis Yunus Akgünə qarşı kobudluğa görə baş hakim Batuhan Kolak tərəfindən birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Rəqibin 10 nəfərlə mübarizə aparmasından istifadə edən “Qalatasaray” matçın sonlarında təzyiqi artırıb. Nəhayət, 90-cı dəqiqədə yenidən səhnəyə çıxan nigeriyalı ulduz Viktor Osimhen özünün və komandasının ikinci qolunu vuraraq “Qalatasaray”ı məğlubiyyətdən xilas edib.
Beləliklə, Super Liqa tarixindəki ilk oyununa çıxan “Çorum FK” İstanbuldan tarixi 1 xalla dönməyi bacarıb. Növbəti turda “Qalatasaray” liqanın digər debütantı olan “Ərzurumspor”un qonağı olacaq. “Çorum” isə doğma meydanda “Kasımpaşa” ilə münasibətlərinə aydınlıq gətirəcək.