Kriştiano Ronaldo və Corcina Rodriges cütlüyünün rəsmi nikah bağlamasından bir neçə gün ötüb. Toy mərasimindən dərhal sonra isə medianın diqqəti tərəflər arasında imzalanan maliyyə sazişinin təfərrüatlarına yönəlib. İspaniyanın nüfuzlu “Marca” nəşri bu razılaşmanın bəzi gizli detallarını üzə çıxarıb.
Müqaviləyə əsasən, hər iki tərəfin nikahdan əvvəl sahib olduğu daşınmaz əmlak şəxsi mülkiyyət olaraq qalsa da, mümkün boşanma ssenarisi üçün kifayət qədər ciddi şərtlər nəzərdə tutulub. Sazişə görə, boşanma baş verəcəyi təqdirdə Corcina Rodrigesə ömrünün sonuna qədər hər ay təxminən 100 000 avro məbləğində ödəniş ediləcək. Bundan əlavə, sənədin ən diqqətçəkən bəndlərindən biri Madriddə yerləşən və dəyəri milyonlarla dollarla ölçülən dəbdəbəli ailə malikanəsidir — tərəflərin ayrılacağı təqdirdə bu dəbdəbəli iqamətgah tamamilə Corcinanın adına keçəcək.
“Marca”nın məlumatına görə, bu müqavilənin imzalanmasında əsas məqsəd münasibətlərin pozulmasına hazırlıq görmək deyil, uşaqların ümumi rifahını təmin etməkdir: “Tərəflər əvvəlcədən qaydalar müəyyənləşdirməklə uşaqların psixi sağlamlığına və şəxsi həyatına zərər vura biləcək yorucu məhkəmə çəkişmələrindən qaçmaq istəyirlər”.
Toy mərasimindən dərhal sonra “Ən-Nəsr”in (Səudiyyə Ərəbistanı) düşərgəsinə qayıdan Ronaldo qeyri-adi imici ilə hamını təəccübləndirib. Belə ki, ulduz futbolçu ölkəyə qırmızıya boyanmış saçlarla dönüb.
Portuqaliyanın tanınmış “A Bola” qəzeti bu dəyişikliyi manşetlərə daşıyaraq yazıb: “Bu imic hər kəsi şoka saldı. Toydan cəmi iki gün sonra o, hamımızın vərdiş etdiyi görünüşdən tamamilə fərqli bir üslubda səhnəyə çıxdı”.
Səudiyyə mediasında da Ronaldonun yeni saç rəngi sosial şəbəkələrdə azarkeşlər arasında geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, “Ən-Nəsr” Səudiyyə Pro Liqasının yeni mövsümündə ilk oyununu cəmi iki gündən sonra “Əl-Fateh”ə qarşı keçirəcək. Toy mərasimi səbəbilə komandanın son hazırlıq mərhələsini buraxan CR7-nin bu matçda meydana çıxacağı bilinmir.