14 illik fasilədən sonra yenidən Xorvatiya millisinin sükanı arxasına keçən Slaven Biliçin təyinatı Avropa mətbuatında böyük əks-səda doğurub. “Çikaqo Fayr”a yollanan Zlatko Daliçi əvəzləyən 57 yaşlı mütəxəssisin qayıdışı dünya mediasında fərqli prizmalardan işıqlandırılıb.
Aprel ayında “Əl-Fateh”dən ayrıldıqdan sonra işsiz olan Biliç İngiltərədə yaxşı tanınır. “Vest Hem”, “Vest Bromviç” və “Uotford”u çalışdıran mütəxəssis, xüsusilə 2007-ci ildə “Uembli”də ingilisləri Avro-2008-dən kənarda saxlaması ilə yadda qalıb.
The Guardian 19 il öncəki 3:2 hesablı qələbədən əvvəl Biliçin ingilis jurnalistlərə verdiyi cavabı xatırladıb: “Bizə gülüb ‘Mənim Modriçim var’ demişdi. Və haqlı idi”. Qəzet Biliçin qayıdışını uğurlu seçim adlandırıb. talkSPORT və Goal Biliçin 2 illik fasilədən sonra qayıtdığını və tezliklə Millətlər Liqasında yenidən İngiltərəyə rəqib olacağını vurğulayıb. İspaniyanın AS qəzeti isə diqqəti Luka Modriçin gələcəyinə yönəldib. Biliç təqdimat mərasimində kapitanla danışacağını gizlətməyib: “Luka komanda üçün sadəcə ən yaxşı oyunçu olmaqdan daha çox şey ifadə edir. Onun davam etməsini çox istəyirəm”. Almaniya Bild nəşri Biliçi “Bundesliqanın sabiq ulduzu” kimi təqdim edərək onun 1993–1996-cı illərdə “Karlsrue”dəki çıxışına toxunub. Kicker isə bu təyinatı Daliç erasının bitməsindən sonra öncədən hazırlanan “B planı”nın uğurlu icrası kimi dəyərləndirib. Biliç özü isə artıq daha təcrübəli və yetkin məşqçi olduğunu, lakin qələbə acgözlüyünün dəyişmədiyini bildirib.