Futbol klubları transfer elanlarını canlı incəsənət əsərinə çevirməyi çoxdan öyrəniblər. Bir şəkil, qısa video və ya hətta kiçik bir eyham belə azarkeşlərin marağını artırmaq üçün kifayət edir. “Trabzonspor”un çərşənbə axşamı gecə saatlarında paylaşdığı 17 saniyəlik video da istisna olmadı: Süni intellektlə hazırlanan çarxda klubun “Papara Park” stadionu üzərində ucalan piramida və tac emojisi əks olunmuşdu. Çox keçmədən gözlənilən xəbər rəsmiləşdi və İngiltərə Premyer Liqası tarixinin ən məhsuldar əcnəbi hücumçusu, “Liverpul”dan ayrılan Məhəmməd Salah karyerasını Türkiyədə devam etdirəcək.
Klub Salahın İstanbuldakı Atatürk Hava Limanına gəliş vaxtını sosial şəbəkələrdə açıq şəkildə paylaşdı. Türkiyə futbolunda məşhur bir deyim var: “Çempionluqlar hava limanında qazanılır”.
Misirli ulduzun səyahəti “Trabzonspor”un rəsmi YouTube kanalında canlı yayımlandı. 34 yaşlı hücumçunu İstanbulda yüzlərlə azarkeş qarşıladı, daha sonra o, Trabzona yola düşdü. Təyyarədən paylaşılan ilk fotolarda Salahın əlində 61 nömrəli forma var idi. Meydanda 10 nömrə ilə çıxış edəcək olsa da, 61 rəqəmi Trabzon şəhəri, onun avtomobil kodu və poçt indeksi kimi yerli identikliyin ən böyük simvoludur. Salah yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Salahın masasında ABŞ və Səudiyyə Ərəbistanından kifayət qədər cazibədar maliyyə təklifləri var idi:
MLS (“Sporting Kansas City”). Misirli mühacirin oğlu Piter Mallukun sahibi olduğu klub Salaha “Liverpul”dakı məvacibini təklif etməyə və onu Liqada Messidən sonra ən çox qazanan ikinci futbolçu etməyə hazır idi. Lakin Salah Avropada qalmaq naminə daha az məvacibə razı olacağını bildirərək bu variantı rədd etdi.
Səudiyyə Pro Liqası. Şərqin zəngin klubları uzun müddət misirli ulduzu transfer etməyə çalışırdı. Salahın özü də 2025-ci ildə verilişlərin birində “Liverpul”la müqaviləni yeniləməsəydi, Səudiyyəyə gedəcəyini etiraf etmişdi. Lakin bu yay Çempionlar Liqasında “Qalatasaray”la oyundan sonra futbolçu Türkiyə təmsilçilərinə Səudiyyə Ərəbistanı planlarının olmadığını açıq şəkildə bildirdi.
Misirli ulduzun Türkiyəyə gəlişi gözlənilən olsa da, onun İstanbul nəhənglərinə (“Qalatasaray” və ya “Fənərbaxça”) deyil, məhz “Trabzonspor”a keçməsi futbol ictimaiyyəti üçün sürpriz oldu. “Qalatasaray” və “Fənərbaxça” futbolçuya rəsmi maraq göstərmədi. “Beşiktaş” isə danışıqları uzun müddət aparsa da, maliyyə şərtlərində razılığa gələ bilmədi. Klubun texniki direktoru Önder Özenin sözlərinə görə, prezident Serdal Adalı populizmdən qaçaraq realist addım atdı və Salahın tələblərini qarşılamamaq üçün danışıqlardan çəkildi.
Müqavilənin Maliyyə Təfərrüatları: 17 Milyon Avroluq Paket
Türkiyədə Salahın tələblərini yerinə yetirən yeganə klub
“Trabzonspor” oldu. Klubun rəsmi olaraq açıqladığı müqavilə şərtləri aşağıdakı kimidir:
Məvacib (İllik) 10 milyon avro
İmza Bonusu (İllik) 7 milyon avro
Ümumi İllik qazanc 17 milyon avro
Atribut satışı Futbolçunun adına satılan məhsulların 20%-i
Menecer komissiyası 2 il üçün ümumilikdə 1.7 milyon avro (5%)
Bu böyük müqavilə dövlətə yaxınlığı ilə bilinən “Turkish Airlines” və Türkiyənin milli elektromobil brendi olan “Togg” sponsorluqları hesabına maliyyələşdirilir.
“Qalatasaray”ın ardıcıl 4 dəfə çempion olmasından sonra rəqiblər bu dominantlığa son qoymaq üçün böyük büdcələr ayırırlar. “Beşiktaş” Leandro Trossardı heyətinə qataraq Duşan Vlahoviçlə maraqlanır, “Fənərbaxça” Meyson Qrinvud və Natan Akeyi transfer edib. “Trabzonspor” isə məhz Salah gedişi ilə çempionluq mübarizəsinə qoşulmağa çalışır.
34 yaşlı misirli hücumçu üçün bu addım bəlkə də top-klublara yenidən qayıdış platforması deyil, lakin Türkiyə Super Liqası üçün unudulmaz və tarixi bir səhifənin başlangıcıdır.
