“Şafa” yeni mövsümün startı ərəfəsində son yoxlama matçlarını keçirib. Paytaxt təmsilçisi eyni gündə, demək olar ki, eyni vaxtda iki sınaq oyununa çıxıb.
Zaur Həşimovun rəhbərlik etdiyi məşqçilər korpusu heyəti iki fərqli heyətə bölüb. Kollektivlərdən biri “Neftçi”nin əvəzedici komandası ilə, digəri isə “Qarabağ-2” ilə üz-üzə gəlib. “Şafa” hər iki qarşılaşmada meydanı qələbə ilə tərk edib.
Bakı klubunun dublu ilə matç “Şafa”nın 2:1 hesablı üstünlüyü ilə başa çatıb. Bu görüşdə Elmir Tağıyev və Elnur Cəfərov fərqləniblər. Ağdam təmsilçisinin ikincilərinə qarşı matçda isə daha rahat qələbə qazanılıb – 3:0. Qolları Nahid Əliyev, Mussa Quəl və Nihad Quliyev vurublar.
Bu oyunlar “Şafa”nın mövsümün startı öncəsi son sparrinqləri olub. Xatırladaq ki, Zaur Həşimovun yetirmələri buna qədər keçirdikləri yoxlama görüşlərində “Araz-Naxçıvan”a qalib gəlmiş (2:0), “İmişli” (2:2) və “Qəbələ” (1:1) ilə isə heç-heçə etmişdilər.