2011-ci ildən İtaliya A Seriyasında, 2014-cü ildən isə beynəlxalq statusla fəaliyyət göstərən 45 yaşlı FIFA referisi Davide Massa UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Hapoel Beer-Şeva” – “Sabah” matçını idarə edəcək. İtaliyalı mütəxəssis ölkə futbolsevərlərinə yaxşı tanışdır. O, bu ilin əvvəlində “Nyukasl” – “Qarabağ” (3:2) qarşılaşmasında da baş hakim kimi iş başında olub.
Massa üçün “Hapoel”lə qarşılaşma ilk sayılmır. Təcrübəli referi 2017-ci ildə Çempionlar Liqasının II təsnifat mərhələsində “Honved” (Macarıstan) – “Hapoel” (2:3) oyununu idarə edib və həmin görüşdə meydan sahiblərinin lehinə penalti təyin edib. İtaliyalı hakimin İsrail futbolu ilə təması bununla bitmir; o, 2023-cü ildə “Makkabi Hayfa” – “Yanq Boyz” (0:0) matçındakı güzəştsiz idarəçiliyinə görə İsrail mətbuatının (Walla Sport) kəskin tənqidlərinə tuş gəlmişdi.
Karyerası ərzində “Benfika” – “Real” və PSJ – “Liverpul” kimi nəhəng avrokubok qarşılaşmalarına təyinat alan Massa güzəştsiz idarəçilik üslubu ilə seçilir. Mütəxəssisin karyerasında səs-küylü qalmaqallar da az olmayıb. O, 2023-cü ildə İtaliya Kubokunun “Yuventus” – “İnter” matçında Romelu Lukakuya mübahisəli ikinci sarı vərəqə verərək meydandan qovmuş, ardınca alovlanan gərginlikdə Samir Handanoviç və Xuan Kuadradoya birbaşa qırmızı vərəqə göstərmişdi. Oxşar gərgin mənzərə Yunanıstan çempionatının “Olimpiakos” – AEK qarşılaşmasında da yaşanmışdı.
“Sabah”ın son vaxtlar tətbiq etdiyi aqressiv pressinq və yüksek fiziki mübarizəyə söykənən oyun tərzi Massanın hakimlik xarakteri ilə birbaşa kəsişir. İtaliyalı referinin ən kiçik emosional reaksiya və ya sərt fola görə cəld vərəqəsinə əl atması təmsilçimiz üçün ciddi xəbərdarlıq olmalıdır. “Sabah” futbolçuları səfər matçında lazımsız cəzalardan yayınmaq üçün meydanda maksimum soyuqqanlılıq və intizam nümayiş etdirməlidirlər. Beləliklə, “Hapoel” – “Sabah” matçında diqqət yalnız meydandakı mübarizəyə deyil, həm də Avropanın təcrübəli hakimlərindən biri olan Davide Massanın qərarlarına yönələcək. İtaliyalı referinin İsrail futbolu ilə əvvəlki tanışlığı isə qarşılaşmaya əlavə maraq qatan detallardan biridir.