UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keşirilib. Gecənin ən dramatik qarşılaşmalarında «Sabah», «Bude-Qlimt» və LASK əsas mərhələyə vəsiqəni təmin ediblər.
Təmsilçimiz «Sabah» Bakıda İsrailin «Hapoel» (Beer-Şeva) klubunu dramatik mübarizədə 5:2 hesabı ilə məğlub edib. İlk oyunda 1:2 hesabı ilə uduzan Valdas Dambrauskasın kollektivi əsas vaxtın son saniyələrində bərabərlik qolunu vuraraq matçı əlavə vaxta daşıyıb. Əlavə vaxtda daha iki qol vuran «bayquşlar» tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Norveçin «Bodö-Qlimt» klubu Niderlandın «Neymegen» komandasını 3:0 hesabı ilə üstələyib. Səfərdəki ilk matçda da 3:1 hesablı qələbə qazanan norveçlilər iki oyunun nəticəsinə əsasən (6:1) mərhələni keçiblər. «Neymegen» üçün qarşılaşma hələ 3-cü dəqiqədə mürəkkəbləşib — qonaqların qapıçısı Alexandro cərimə meydançasından kənarda topa əllə müdaxilə etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Azlıqda qalan Niderland təmsilçisi fasiləyə qədər iki qol buraxıb, ikinci hissədə isə avtoqolla məğlubiyyətini rəsmiləşdirib. «Neymegen» mübarizəni Avropa Liqasında davam etdirəcək.
Gecənin ən böyük sensasiyası Avstriyada qeydə alınıb. İlk oyunda «Seltik»ə 0:3 hesabı ilə uduzan LASK cavab matçında inanılmaz geri dönüşə imza atıb. Qonaqlar 21-ci dəqiqədə hesabı açsa da, avstriyalılar fasiləyə qədər iki qol vuraraq öndə yollanıblar. İkinci hissənin başında LASK daha iki dəfə fərqlənərək ümumi hesabı bərabərləşdirib (4:4), əsas vaxta əlavə olunmuş dəqiqələrdə Flekerin başla vurduğu qol matçı əlavə vaxta daşıyıb.
Əlavə vaxtda üstünlüyünü qoruyan Avstriya təmsilçisi 109-cu dəqiqədə Adeniranın qolu ilə önə keçib. 115-ci dəqiqədə het-trik etmək imkanını penaltidən boşa verən amerikalı hücumçunun komandası 5:1 hesablı qələbə sayəsində ümumi hesabda (5:4) üstün gələrək tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə adlayıb.
Çempionlar Liqası. Pley-off mərhələsi, cavab oyunları
“Sabah” (Azərbaycan) – “Hapoel” (Beer-Şeva, İsrail) 5:2
ilk oyun – 1:2
Nvaçukvu, 38. Rəhmonəliyev, 74. Mütəllimov, 90+4. Mbina, 101. Mikkels, 115 – Zlatanoviç, 10, Mizrahi, 61.
“Bude-Qlimt” (Norveç) – “Neymegen” (Niderland) 3:0
ilk oyun – 3:1
Byorkan, 45+2. Auklenn, 45+5, Fonvilye (73-öz qapısına)
LASK (Avstriya) – “Seltik” (Şotlandiya) 5:1
ilk oyun – 0:3
Usor, 32. Lyubiçiç, 48. Adeniran, 58; 109. Fleker, 90+1 – Makqreqor, 21.
