Kişi basketbolçulardan ibarət Azərbaycan çempionu “Sabah” və ölkənin digər təmsilçisi “Landau Layons” Basketbol Çempionlar Liqasının (ÇL) püşkatması öncəsi yer aldıqları səbətləri öyrəniblər. İyulun 8-də keçiriləcək püşkatma öncəsi komandalarımızın potensial rəqibləri artıq məlumdur.
Yarışa birbaşa əsas mərhələdən başlayacaq ölkə çempionu “Sabah” püşkatma öncəsi 3-cü səbətdə qərarlaşıb. Reqlamentə əsasən, müntəzəm mövsümdə komandalar hər birində 4 klub olmaqla 8 qrupa bölünəcək. Təmsilçimizin qrupdakı rəqibləri digər üç səbətdən müəyyənləşəcək. “Sabah”ın potensial rəqibləri arasında 1-ci səbətdən AEK, “Qalatasaray”, “Hapoel” (Xolon), “Ritas”, “Slaviya” (Praqa), “Telekom Basket Bonn”, “UKAM Mursiya” və “Unikaxa” yer alıb. 2-ci səbətdə “Alba”, “Xoventut”, “Şole”, “Falko Sombatxey”, “Nanter 92”, “Redcana”, “Peristeri” və “Strasburq”, sonuncu – 4-cü səbətdə isə “Pardubitse”, “Bamberq”, “Sibona”, “Portu”, “Bilbao”, “Trabzonspor”la yanaşı, təsnifat mərhələsinin iki qalibi qərarlaşıb. Müntəzəm mövsümün oyunlarına oktyabrın 6-da start veriləcək.
Mübarizəyə 2 nömrəli təsnifat turnirindən qoşulacaq digər təmsilçimiz “Landau Layons” isə püşkatma qabağı 4-cü səbətdə yer alıb. Reqlamentə uyğun olaraq, komandamızın ilk rəqibi mütləq 1-ci səbətdən gələcək. Beləliklə, “Landau Layons” növbəti mərhələyə yüksəlmək üçün Almaniyanın “Vürtsburq”, Yunanıstanın “Promiteas”, Portuqaliyanın “Benfika” və ya Latviyanın VEF klublarından biri ilə qarşılaşacaq. Təsnifat mərhələsinin qarşılaşmaları 14-20 sentyabr tarixlərində keçiriləcək.