Fransa yığmasının 1/4 finalda Mərakeş üzərində qələbə qazandığı matçda (2:0) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan 27 yaşlı Kilian Mbappe, bu gün İspaniyaya qarşı keçiriləcək yarımfinal görüşü öncəsi əsas müzakirə mövzusudur.
Xatırladaq ki, Mərakeşlə oyunun 76-cı dəqiqəsində topuğundan zədə alaraq əvəzlənən hücumçu matçdan sonra vəziyyətinin təhlükəli olmadığını bildirsə də, onun forması ilə bağlı suallar hələ də qalır. “RMC Sport”un məlumatına görə, Mbappe bazar ertəsi komandanın ümumi məşqinə qatılmayıb.
O, fiziki hazırlıq üzrə məşqçi Siril Muanın nəzarəti altında fərdi çalışıb. Media üçün açıq olan hissədə yüngül qaçış edən və hücumların tamamlanması üzrə işləyən futbolçunun zərbə endirdikdən sonra ağrıdan üzünü qırışdırması diqqətdən qaçmayıb. Yeri gəlmişkən, İbrahima Konate və Uorren Zair-Emeri də fərdi məşqlə kifayətləniblər.
Bütün bu qeyri-müəyyənliklərə baxmayaraq, Mbappenin İspaniya ilə oyuna start heyətdə çıxacağı gözlənilir. Fransa millisinin baş məşqçisi Didye Deşam isə mətbuat konfransında ajiotajı yatıraraq azarkeşləri sakitləşdirib: “Kilian özünü yaxşı hiss edir. İnsan 100 faizdən artıq hazır ola bilməz, o isə matça 100 faiz hazırdır”. Mütəxəssis hücumçunun fərdi çalışması ilə bağlı jurnalistlərin suallarına isə belə cavab verib: “Onun da, digər oyunçular kimi, iyirmi dəqiqə əvəzinə yalnız on dəqiqə məşq etmək hüququ var”.