UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab qarşılaşmasında ölkə çempionumuz “Sabah” Uelsin “Nyu Seynts” klubunun qonağı olub. Bakıdakı ilk matçda 2:0 hesablı inamlı qələbə qazanan Valdas Dambrauskasın yetirmələri, səfər matçında da rəqibini 2:1 hesabı ilə məğlub edərək iki oyunun nəticəsinə görə (4:1) Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.
Meydan sahibləri doğma azarkeşləri önündə oyuna fəal başlasalar da, “Sabah”ın qapıçısı Stas Pokatilov start təzyiqini inamla dəf edib. Tədricən oyunda təşəbbüsü ələ alan təmsilçimiz 28-ci dəqiqədə hesabı açdı: Timoteuş Puxaçın başladığı hücumda Aaron Maludanın ötürməsini Djoy-Lans Mikkels dəqiq zərbə ilə tamamladı (0:1). Hissənin sonuna yaxın, 42-ci dəqiqədə Puxaçın uzaq dirəyə növbəti dəqiq asistindən sonra Rəhman Daşdəmirov fərqi ikiyə çatdırdı.
İki oyunun nəticəsinə görə dörd topluq üstünlük qazanan “Sabah” ikinci hissədə tempi aşağı salaraq diqqəti əsasən əks-hücumlara yönəltdi. Fasilədən sonra meydana daxil olan Orfe Mbina, Yunes Laşaab və Kahim Pərris fərqi daha da artırmaq üçün əlverişli şanslar yaxalasalar da, son zərbələrdə dəqiqlik çatışmadı.
89-cu dəqiqədə “Sabah” müdafiəsinin ani diqqətsizliyindən istifadə edən Djoşua Lok meydan sahiblərinin buraxılan qollardan birinin əvəzini çıxdı. Əlavə olunmuş dəqiqələrdə Uels klubu dirəyi nişan alsa da, matç “bayquşlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatdı.
“Nyu-Sints” (Uels) – “Sabah” (Azərbaycan) – 1:2 (0:2)
Qollar: Djoy-Lans Mikkels, 28 (0:1), Rəhman Daşdəmirov, 42 (0:2), Djoşua Lok, 89 (1:2)
İlk oyun – 0:2
Baş hakim: Mateo Buskets Ferrer (İspaniya)
“Nyu Seynts”: Neytan Şeppard, Djek Bodenhem, Daynel Simeu, Den Uilyams (Dəniel Devis, 46), Dəniel Redmond (k) (Zak Nolan, 83), Dominik Korness, Leo Smit (Ayzek Djeffris, 60), Oin Farrell (Ben Klark, 60), Ris Hyuz, Rayan Brobbel (Djoşua Lok, 74), Djordan Uilyams.
“Sabah”: Stas Pokatilov (k), Djunior Almeyda, Rəhman Daşdəmirov, Akim Zedadka, Timoteuş Puxaç, İvan Lepinitsa (Rodrigu Ferneş, 69), Umarali Rəxmonaliyev, Aleksey İsayev (Ksander Severina, 82), Velko Simiç (Yunes Laşaab, 76), Aaron Maluda (Kahim Pərris, 76), Djoy-Lans Mikkels (Orfe Mbina, 69).
Xəbərdarlıqlar: İvan Lepinitsa (5), Ris Hyuz (48), Rayan Brobbel (72)
Məkan: Ozuestri, “Park Xoll” stadionu