Bu gün basketbol üzrə Çempionlar Liqasının əsas və təsnifat mərhələlərinin püşkü atılıb. Bununla da ölkəmizi beynəlxalq arenada təmsil edəcək klubların rəqibləri bəlli olub. Mübarizəyə birbaşa qrup mərhələsindən qoşulacaq son ölkə çempionu “Sabah” və turnirə təsnifatdan başlayacaq “Landau Layons” öz qruplarında güclüləri müəyyənləşdirəcəklər.
Püşkün nəticələrinə əsasən, “Sabah” müntəzəm mövsümdə B qrupunda yer alıb. Təmsilçimizin rəqibləri “Ritas” (Litva), “Nanter 92” (Fransa) və “Trabzonspor” (Türkiyə) klubları olacaq. Qeyd edək ki, Litvanın “Ritas” komandası Çempionlar Liqasının son qalibidir.
Müntəzəm mövsümün oyunlarına oktyabrın 6-da start veriləcək.
Digər təmsilçimiz “Landau Layons” isə 2-ci təsnifat mərhələsinin ilk matçında Latviyanın “VEF” klubu ilə qarşılaşacaq.
Təmsilçimiz bu mərhələni keçəcəyi təqdirdə, növbəti raundda “Opava” (Çexiya) – “Dziki” (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
Təsnifat turnirinin qarşılaşmaları 14–20 sentyabr aralığında keçiriləcək.