“Zirə”nin mərkəz müdafiəçisi Ruan Renato üçün Misli Premyer Liqasının I turunun “Şafa” ilə görüşü (2:0) yubiley matçı ilə yadda qalıb.
Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumatına görə, 30 yaşlı braziliyalı futbolçu “qartallar”ın heyətində ölkə çempionatında 100-cü oyununa çıxıb. 2023-cü ildən Bakı klubunun şərəfini qoruyan Renato, bu müddətdə müdafiəçi olmasına rəğmən rəqib qapılarına 13 gol vurmağı bacarıb.
Bununla da Renato Azərbaycan çempionatları tarixində eyni klubun heyətində 100 və ya daha çox matçda forma geyinən 4-cü braziliyalı futbolçu olub.
Bu göstərici üzrə rekord “Neftçi”nin sabiq kapitanı Flavinyoya (133 matç) məxsusdur. Siyahıda növbəti pillələri “Qəbələ”də 131 oyuna çıxan Dodo və iki fərqli klubda (“Neftçi”də 116, “Şamaxı”da 113) bu həddi aşmağı bacaran Denis Silva tutur.