Fransanın nüfuzlu “L’Equipe” nəşrinin məlumatına görə, Portuqaliya Futbol Federasiyası (FPF) millinin kapitanı Kriştiano Ronaldo üçün vida matçı təşkil etməyi planlaşdırır. Qurum hadisələrin fərqli axınla inkişaf edəcəyi ssenarini də diqqətdə saxlayır.
Mənbənin bildirdiyinə görə, 41 yaşlı hücumçu Millətlər Liqasında Norveçə qarşı keçirilən ilk oyunu buraxmasından narazı qalıb və yığmanın təlim-məşq toplanışında iştirak etməkdən imtina edib. Bu addım onun beynəlxalq karyerasının sonu kimi qiymətləndirilir.
Keçmiş referi Pedro Proensanın başçılıq etdiyi federasiya rəhbərliyi Ronaldo ilə baş məşqçi Jorje Jesuş arasında barışıq mühitinin yaranacağına ümid etsə də, paralel olaraq “B planı” üzərində də işləyir.
Milli düşərgədəki gərginliyin fonunda Ronaldo Səudiyyə Ərəbistanına – “Əl-Nəsr”in heyətində məşqlərini bərpa etmək üçün Ər-Riyada qayıdıb.
Matçdan öncə keçirilən mətbuat konfransında təcrübəli mütəxəssis Jorje Jesuş ulduz futbolçu barədə danışarkən ehtiyatlı ifadələr işlədib: “Bu, Krişi görməzdən gəlməyimiz demək deyil. O, milli komandanın rəmzidir, bunu aydın dərk etməliyik. Oyundan sonra bu barədə danışmaq üçün kifayət qədər vaxtımız olacaq”.
Qeyd edək ki, 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya yığmasının formasında meydana çıxdığı 234 matçda 146 qolla yadda qalıb. O, həm keçirdiyi oyun sayına, həm də vurduğu qollara görə milli komandalar səviyyəsində dunya futbolunun mütləq rekordçusudur.