Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduzu Kriştiano Ronaldo yığmadakı gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib.
41 yaşlı hücumçu dünya çempionatından sonra Portuqaliya millisindən ayrılmağı düşündüyünü etiraf edib. Lakin prezident və baş məşqçi ilə keçirdiyi görüşlərdən sonra karyerasını yığmada davam etdirmək qərarına gəlib.
Ronaldo hələ də milli komandaya həm meydanda, həm də ondan kənarda fayda verə biləcəyinə inandığı deyib: “Bəli, bunu düşünmüşdüm. Əlbəttə, qərarlarım, gələcəyim və hətta bu günüm barədə daim düşünürəm. Mən çox düşünən insanam. Düşünmək lazımdır. Məhz buna görə indi buradayam və deməli, davam edəcəyəm.
Prezidentimiz və baş məşqçimizlə danışdım. Hələ də milli komandaya istədiyimiz məqsədlərə çatmaqda kömək edə biləcəyimə inanıram. Burada artıq heç bir faydamın olmadığını hiss etdiyim zaman karyeramı başa vuracağam. Düşünürəm ki, milli komandaya təkcə qollarımla və futbolla deyil, başqa yollarla da kömək edə bilərəm”.
Ronaldo Portuqaliyada səslənən tənqidlərə də münasibət bildirib. “A Bola” qəzetinin keçirdiyi sorğuda oxucuların onu arzuladıqları əsas heyətə daxil etməməsinə toxunan futbolçu bəzi televiziya kanallarının ona qarşı sərt mövqe tutduğunu deyib.
“Portuqaliya azarkeşlərinin məni sevdiyini hiss edirəm. Amma bəzi televiziya kanallarının məni tənqid etmək istədiyini də başa düşürəm. Onlar məni məhv etməyə çalışdılar, amma yalnız ov tüfəngi ilə”, – deyə Ronaldo bildirib.
O daha sonra əlavə edib: “Onlar milli komandaya daha gəlməyimi çox istəyirlər. Amma mən hələ də yığmadan ayrılmaq qərarını özüm verə bilərəm. Hər halda, bunlara artıq öyrəşmişəm. 20 ildən çoxdur ki, bunun içindəyəm. Ancaq mənim yaddaşım məni sevən insanlarla bağlıdır”.
Karyerasında 979 qol vuran Ronaldo 1000-ci qola çatmaqla bağlı xüsusi təzyiq hiss etmədiyini söyləyib. Bununla belə, bu tarixi göstəriciyə Portuqaliya millisinin formasında çatmağın onun üçün xüsusi olacağını etiraf edib.
“Bilirəm ki, gənclər niyə Kriştianonu sevirlər. Çünki məni özlərinə nümunə hesab edirlər. Mən də bunu davam etdirəcəyəm. Özümdən razıyam. Sabah oynayıb-oynamamağımın, növbəti matçda istirahət edib-etməməyimin fərqi yoxdur. Mənim üçün ən vacib məsələ özümü yaxşı hiss etməkdir”, – deyə Ronaldo vurğulayıb.