Braziliya futbolunun əfsanəsi Ronaldinyonun 47 yaşında yaşıl meydanlara qayıtmağa hazırlaşdığı bildirilir. İtaliyanın C Seriyasında çıxış edən “Ravenna” ilə ötən yay müqavilə imzalayan keçmiş ulduzun debüt oyununun tarixi də açıqlanıb.
İtaliya mətbuatının məlumatına görə, Ronaldinyo noyabrın 15-də “Forli” ilə derbi matçında meydana çıxa bilər. Karyerasında 300-cü qolunu vurmağı hədəfləyən braziliyalının qarşılaşmada müəyyən oyun vaxtı alacağı gözlənilir.
Lakin “Ravenna”nın çempionluq uğrunda mübarizə apardığı bir vaxtda Ronaldinyonun heyətə cəlb edilməsi azarkeşlər arasında birmənalı qarşılanmayıb. Bəzi fanatlar belə vacib oyunda keçmiş futbolçuya şans verilməsini tənqid ediblər. Sosial şəbəkələrdə isə məsələ yumorla qarşılanıb. Bir azarkeş hakimlərin “Ravenna”nın xeyrinə mübahisəli penalti təyin edəcəyini, Ronaldinyonun qol vurduqdan sonra meydanı tərk edəcəyini yazıb. Digərləri isə komandanın həlledici mübarizə ərəfəsində bu addımını istehza ilə şərh ediblər.
Bununla belə, Ronaldinyonun “Ravenna”ya gəlişi kommersiya baxımından da diqqət çəkib. Klub məşhur stiker istehsalçısı “Panini” ilə əməkdaşlıq çərçivəsində braziliyalı ulduza həsr olunan xüsusi kolleksiya hazırlayıb.
Layihə çərçivəsində azarkeşlər bürünc, gümüş və qızıl stikerlər əldə edə bilərlər. Mükafatlar arasında klubun rəsmi Ronaldinyo kepkası, futbolçunun imzalı forması, onunla şəxsi görüş və qayıdış matçına bilet yer alır.