İspaniya milli komandasının yarımmüdafiəçisi Rodri karyerasını uzun müddətdir iddia edildiyi kimi “Real”da deyil, “Barselona”da davam etdirməyə yaxındır. Təcrübəli futbolçu bu qərarını artıq Madrid klubunun rəhbərliyinə rəsmən bildirib.
İspaniyanın “AS” nəşri yazır ki, “Real”ın Rodriyə etdiyi yüksək maliyyə təklifi futbolçunun qərarını dəyişməyib. İspan yarımmüdafiəçi “Kral klubu”na keçidə maraq göstərməyib.
Madrid təmsilçisi oyunçunun peşəkar yanaşmasını yüksək qiymətləndirsə də, onun komandaya qoşulmaq həvəsinin olmadığını hiss etdiyi üçün bu qərara dramatik yanaşmayıb. Klub rəhbərliyinin mövqeyinə əsasən, “Real” formasını geyinəcək futbolçu bu addımına tam əmin olmalıdır. Baş məşqçi Joe Mourinyo da prosesdən xəbərdar olub və mövcud heyət daxilində bu mövqe üçün lazımi həll yollarının olduğunu bildirib.
Rodri “Real” nümayəndələri ilə son söhbətində seçimini nə üçün “Barselona”nın xeyrinə etdiyini izah edib. Yarımmüdafiəçi Kataloniya klubunun oyun üslubunu, Pep Qvardiolanın qoyduğu irsi və illər ərzində milli komanda düşərgəsində “Barselona”lı futbolçularla qurduğu sıx münasibətləri əsas amillər kimi göstərib. Madrid klubu onun əsaslandırmasını anlayışla qarşılayaraq futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
“Real” daha əvvəl “Mançester Siti” ilə iki dəfə əlaqə saxlasa da, bu təmaslar rəsmi danışıqlara çevrilməyib və yalnız ilkin məsləhətləşmə xarakteri daşıyıb. Məlumata görə, Rodrinin “Barselona”ya transferi Kataloniya təmsilçisinə təxminən 60 milyon avroya başa gələcək. İspaniyalı futbolçunun yeni klubu ilə 4 illik müqavilə imzalayacağı və illik əməkhaqqının təxminən 30 milyon avro olacağı gözlənilir.