“Real”da vəziyyət yenidən gərginləşib. İspaniya mətbuatı klubun düşərgəsində problemlərin davam etdiyini, hətta əsas heyət üzvlərindən iki futbolçunun yaxın günlərdə əlbəyaxa olduğunu yazıb.
“Cadena SER”in məlumatına görə, hadisənin iştirakçılarının adları açıqlanmayıb. Jurnalist Anton Meana isə Madrid təmsilçisinin soyunub-geyinmə otağında atmosferin hələ də olduqca gərgin olduğunu bildirib.
Komandada vəziyyəti daha da mürəkkəbləşdirən məqamlardan biri Kilian Mbappenin davranışı olub. Fransa millisinin düşərgəsindən zədəyə səbəbindən erkən ayrılan hücumçu bərpa prosesi zamanı Parisdə gecə klubunda, daha sonra isə İsveçrə Alplarında velosiped sürərkən görüntülənib.
Bu isə Joze Mouriñyonun narazılığına səbəb olub. Portuqaliyalı mütəxəssis daha əvvəl futbolçularına velosiped sürməyi qadağan etdiyini açıq şəkildə bildirmişdi. İspaniya mətbuatının yazdığına görə, Mbappenin komandaya qayıdışından sonra baş məşqçi onunla ciddi söhbət edib və meydandan kənardakı fəaliyyətlərinə daha diqqətli olmasını istəyib.
“Real” Mouriñyonun rəhbərliyi altında La Liqada keçirdiyi ilk 7 oyunun 5-də qalib gəlib. Madrid klubu hazırda lider “Barselona”dan 6 xal geri qalır.
“Kral klubu” növbəti matçını şənbə günü evdə “Vilyarreal”a qarşı keçirəcək. Ardınca komandanı Çempionlar Liqasında “Roma” ilə səfər oyunu gözləyir.