“Barselona”nın və Braziliya millisinin ulduzu Rafinya vətənində ünvanına səslənən tənqidlərə münasibət bildirərkən emosiyalarını cilovlamaqda çətinlik çəkib.
Braziliyalı jurnalist və ekspertlərin bir qismi 29 yaşlı futbolçunun, xüsusilə yoldaşlıq görüşlərində milli komandanın formasını geyinmək istəmədiyini iddia edib. Bu fikirlər Rafinyanın narazılığına səbəb olub.
Mətbuat konfransında məsələyə aydınlıq gətirən hücumçu özünü qorumağa çalışmasının səbəbini açıqlayıb. “Sadəcə, özümə diqqət yetirməli olduğumu dedim. Yenidən zədələnmək istəmirəm. Fiziki cəhətdən komandaya maksimum fayda verə bilməyəcəyimi hiss etsəm, bunu etiraf edən ilk şəxs özüm olacağam. Özümə qarşı çox tələbkaram. Belə bir vəziyyət yaranarsa, futbolçu karyeramı başa vuraram”, – deyə Rafinyanın sözlərini “Diario SPORT” nəşri sitat gətirib.
Futbolçu bu mövzuda danışarkən göz yaşlarını güclə saxlayıb. Son bir ildə 29 yaşlı braziliyalı millinin oyunları zamanı tez-tez zədələrlə üzləşib. Bu səbəbdən o, 2025/26 mövsümünün əhəmiyyətli hissəsini buraxıb.
Xatırladaq ki, Rafinya cari mövsümdə klub səviyyəsində 19 qol vurub və 3 məhsuldar ötürmə verib.