“Milan”da yeddi mövsüm keçirən Rafael Leaonun komandadan ayrılması hər iki tərəf üçün ən yaxşı variant kimi görünür. Lakin portuqaliyalı vingerin transfer şərtləri potensial alıcılar üçün ciddi maneəyə çevrilib.
İnsayder Canluka Di Marsionun məlumatına görə, futbolçu ilə yaxından maraqlanan Türkiyə giqantları — “Fənərbaxça” və “Qalatasaray”la danışıqlar zsəngiməyə başlayıb. Buna səbəb “Milan”ın və 27 yaşlı hücumçunun yüksək maliyyə tələbləridir.
Keçidin reallaşması üçün tərəflərin maliyyə iddiaları arasında ciddi fərqlər mövcuddur. “Milan” ulduz futbolçusu üçün 50 milyon avro tələb edir və bu rəqəmdən geri addım atmaq niyyətində deyil. Leaonun özü isə yeni klubundan illik 12 milyon avro məvacib istəyir.
İstanbul təmsilçilərinin mövqeyinə gəlincə, “Fənərbaxça” hələ rəsmi təklif göndərməsə də, 40 milyon avro bonservis və oyunçuya bonuslarla birgə illik 7-8 milyon avro maaş təklif etməyə hazır görünür. “Qalatasaray” isə vingerə illik 10 milyon avroluq daha cəlbedici maaş vəd etsə də, İtaliya klubunun 50 milyonluq tələbini birbaşa qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən “sarı-qırmızı”lar transferi məcburi satınalma şərtilə icarə əsasında reallaşdırmaq variantına üstünlük verirlər.
“Qalatasaray” rəhbərliyi avqust ayının ikinci yarısını gözləməyi planlaşdırır. İstanbul təmsilçisi transfer pəncərəsinin sonuna yaxın “Milan”ın güzəştə gedəcəyinə ümid edir.