UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Gürcüstanın “Torpedo” (Kutaisi) klubunu qəbul edəcək “Zirə”də hazırlıqlar tamamlanıb. Matçdan öncə təşkil olunan mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov media mənsublarının suallarını cavablandırıb və komandanın son durumu barədə danışıb.
“Sabah bizi çox önəmli ev oyunu gözləyir” – deyən mütəxəssis, ilk qarşılaşmada səfər öncəsi sərfəli nəticə qazanmaq niyyətində olduqlarını bildirib: “Minimum istəyimiz odur ki, qənaətbəxş nəticə əldə edib, cavab oyununa üstünlüklə yollanaq. Rəqibimiz avrokuboklarda mərhələ keçmək təcrübəsi olan komandadır. Hazırlıq üçün vaxtımız az oldu, həm təlim-məşq toplanışında, həm də seleksiya işlərində bəzi məqamları tamamlaya bilmədik. Lakin bizim güclü və xarakterli komandamız var. Sabah meydanda inamlı oyun nümayiş etdirmək niyyətindəyik”.
Komandadakı yeni qapıçının zədələnməsinə toxunan baş məşqçi, bu cür bədbəxt hadisələrin futbolun bir parçası olduğunu vurğulayıb: “Bu, futbolun görünməyən tərəfidir və digər klublarda da yaşanır. Bizdə isə nədənsə mövsümün əvvəlində belə hallar tez-tez təkrarlanır. Görünür, taleyimiz belədir, adaptasiya olmalıyıq. Manevr üçün vaxtımız az olsa da, heyətimizdə Aydın Bayramov kimi təcrübəli qapıçı var. Ümid edirəm ki, o, etibarlı oyunu ilə həmkarının yoxluğunu hiss etdirməyəcək”.
Heyətdə yer alan gürcüstanlı futbolçuların rəqibi nə dərəcədə tanıması və oyun motivasiyası barədə danışan Rəşad Sadıqov, rəqib analizinə tamamilə peşəkar yanaşdıqlarını qeyd edib. Baş məşqçi “Torpedo”nu kifayət qədər yaxşı tanıdıqlarını və bu mövsüm rəqibin bir neçə oyununu şəxsən izlədiklərini bildirib. Bu səbəbdən gürcü oyunçuların verəcəyi məlumata ehtiyac duymadıqlarını vurğulayan mütəxəssis, ümumiyyətlə, futbolçulardan öz ölkələrinin komandası barədə nəsə soruşmağı qeyri-etik hesab etdiyini söyləyib. Bununla belə, Sadıqov həmin oyunçuların motivasiya faktoruna da toxunaraq, doğmalarının və yaxınlarının bu qarşılaşmanı izləyəcəyini, bu səbəbdən də onların digər komanda yoldaşları kimi matça maksimum kökləndiklərini əlavə edib.
Tələsik transfer addımları atmadıqlarını bildirən Sadıqov, hazırlıq dövrünü təkcə avrokuboklar üçün yox, bütöv mövsüm üçün planlaşdırdıqlarını deyib. O, yoldaşlıq görüşlərində qolları ilə diqqət çəkən Yeqor Boqomalski haqqında da müsbət fikirlər səsləndirib: “Boqomalski komandaya yaxşı formada qayıdıb. Rusiyada keçirdiyi dövrdə ciddi təcrübə topladı. Rəsmi oyunlarda özünü necə göstərəcəyinə baxacağıq. Hazırkı forması onun əsas heyətdə meydana çıxmasına tam imkan verir”.
Sonda Dünya Çempionatında tətbiq edilən və taymların ortasında verilən qısa fasilələrə (su fasiləsi) münasibət bildirən baş məşqçi, bu yeniliyi dəstəklədiyini gizlətməyib: “Düşünürəm ki, çox faydalı olar. Pandemiya dövründə də əvəzetmə sayı 3-dən 5-ə qaldırıldı və xeyrini gördük. Oyunların sayını və intensivliyini nəzərə alsaq, bu cür fasilələr futbolçuların sağlamlığı və temp üçün faydalı yenilikdir”.