“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın “Payde” klubuna qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında komandasının hədəflərindən, transfer planlarından və ölkə klublarının avrokuboklardakı çıxışından danışıb.
Təcrübəli mütəxəssis ilk oyunda 0:1 hesablı məğlubiyyətə baxmayaraq, mərhələ keçmək üçün əllərindən gələni edəcəklərini bildirib: “İlk oyunda məğlub olduq. Sabah doğma azarkeşlərimizin önündə meydana çıxacağıq. Qələbə qazanmaq və növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik. Rəqibin müəyyən üstünlüyü var, bunu anlayırıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək, baxımlı futbol nümayiş etdirək və mərhələni adlayaq”.
Sadıqov ötən mövsümlə müqayisədə İsə Cibrillanın formasının zəifləməsi ilə bağlı fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, futbolçunun tez-tez zədələnməsi bu vəziyyətə təsir edib:
“Keçən mövsüm İsə altı dəfə zədələndi. Finalda da zədəli idi, sonra təxminən bir ay bərpa prosesi keçdi. Onu tədricən oyuna qaytardıq. “Payde” ilə ilk matçda start heyətində yer aldı, amma 100 faiz hazır olmadığını bilirdik. Sabahkı oyunda bizə çox lazım olacaq. Ümid edirəm ki, ən yaxşı oyunlarından birini keçirəcək”.
Baş məşqçi yay transferləri barədə də danışıb. O bildirib ki, klub gənc futbolçulara etibar etmək xəttini davam etdirəcək: “Biz potensialına inandığımız gəncləri komandaya cəlb etməyə davam edəcəyik. Dameyn Smit və Kris Diqbe gənc futbolçulardır, gələcəklərinə inanıram. Ola bilsin, birində yeni Salifu Sumanı, digərində isə yeni İsə Cibrillanı görürük. Onların oxşar keyfiyyətləri var və gələcəkdə parlayacaqlarına inanıram”.
Rəşad Sadıqov transfer çalışmalarının hələ başa çatmadığını da açıqlayıb: “Yeni mövsüm üçün daha 4-5 legioner transfer etməyi planlaşdırırıq. Tələsmirik, çünki avrokuboklara görə çempionatı riskə atmaq istəmirik. Danışıqlar apardığımız və izlədiyimiz futbolçular var. Yaxın bir ay ərzində heyət tam formalaşacaq”.
“Zirə”nin çalışdırıcısı digər Azərbaycan təmsilçilərinə də uğurlar arzulayıb: “İlk növbədə “Sabah”ı təbrik edirəm. Klub tarixində ilk dəfə avrokubokların əsas mərhələsində oynayacaq. “Neftçi” və “Qarabağ”a da uğurlar arzulayıram. Çox istərdim ki, dörd komandamızın hamısı əsas mərhələyə, ən azı isə pley-offa yüksəlsin. Bu, Azərbaycan futbolu üçün böyük uğur olar. Ümid edirəm ki, “Sabah” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq, alınmasa da, ən pis halda Avropa Liqasının əsas mərhələsində çıxış etsin”.
Sadıqov rəqib barədə danışarkən “Payde”nin nəticə oynamağı bacaran təcrübəli komanda olduğunu vurğulayıb: “İlk oyunda ümumi çıxışımızdan razı qaldım. Oyuna nəzarət bizdə idi. Sadəcə, rəqib çox təcrübəli idi və nəticə üçün oynamağı bacardı. Bizi yaxşı analiz etmişdilər və planları işlədi. Hücumlarımızı qola çevirə bilmədik. Sabah oyun planımızın nəticə verəcəyinə inanırıq və bunun üçün əlimizdən gələni edəcəyik”.