Pep Qvardioladan sarsıdıcı etiraf: “Boşanmanın gətirdiyi qəzəbi və emosiyaları futbolçularımdan çıxarırdım”
Prime Video-nun “A Beautiful Obsession”adlı sənədli serialında “Mançester Siti”nin son iki mövsümdə üzləşdiyi çətinliklər və baş məşqçi Pep Qvardiolanın yaşadığı dramatik anlar əks olunub. Ekran işində ispan mütəxəssisin şəxsi həyatındakı uğursuzluqların komandaya təsiri, eləcə də soyunub-geyinmə otağında verdiyi sərt reaksiyalar ilk dəfə geniş ictimaiyyətə təqdim edilib.
2024/2025 mövsümündə 30 illik münasibətdən sonra Kristina Serra ilə ayrılan Pep Qvardiola şəxsi həyatındakı sarsıntını ilk dəfə futbolçularının qarşısında etiraf edib. “Yuventus”a 0:2 hesablı məğlubiyyətdən sonra soyunub-geyinmə otağında emosional çıxış edən ispaniyalı mütəxəssis boşandığını açıqlayıb və futbolçularından meydanda daha çox “ehtiras və istək”tələb edib: “Uşaqlar, sizə bir şeyi etiraf etməliyəm. Mən planetin ən gözəl qadınından boşanmışam. O, mənim həyat yoldaşım idi, indi isə keçmiş həyat yoldaşımdır. Mən onu dəlicəsinə sevirəm. Amma biz ehtirasımızı itirdik. Bunun bir çox səbəbi var. Onu sevirəm? Bəli, əlbəttə. O, məni sevir? Bəli. Amma biz ehtirasımızı itirdik”.
Oyunçulara səslənən ispan mütəxəssis onların meydandakı isteksizliyinə qəzəbini gizlətməyib: “Siz necə futbol oynayırsınız? Pul aldığınız üçün? Yoxsa daxilinizdəki hansısa hissə görə? Ehtiras haradadır? Həyatınızda nə edirsinizsə edin, bunu ehtirasla edin. Mən yalnız ehtiraslı oyunçular istəyirəm!”
Gərginlik bununla bitməyib. Ötən mövsümün əvvəlində “Brayton”a 1:2 hesablı məğlubiyyətdən sonra Qvardiola yenidən boşanma mövzusuna qayıdaraq komandaya sərt mesaj verib: “Mən həyatımı, boşanmağımı, ailəmi – hər şeyimi sizin uğurunuz naminə ortaya qoyuram. Bəs siz bunun qarşılığında nə verirsiniz? Hamınızın bu gün meydanda göstərdiyi performans utancvericidir. Bilirsiniz bundan sonra nə olacaq, elə deyilmi? Sizin başqa məşqçiniz olacaq. Bəli, sizin başqa məşqçiniz olacaq!”
2025-ci ilin yanvarında PSJ ilə matçdan (2:4) sonra isə məşqçi futbolçuların rəqiblərlə həddindən artıq mehriban davranmasını sərt şəkildə tənqid edib: “Mən bunu xoşlayıram. Uduzanda əziyyət çəkmək istəyirəm. Rəqiblərlə heç bir əlaqəm olmasını istəmirəm, onları məhv etmək istəyirəm. Xoşbəxtəm? Xeyr, xoşbəxt deyiləm. Bəs sən? Mübarizə aparmaq istəmirsən? Qoy hiss edim ki, buradasınız, lənət şeytana!”.
Xatırladaq ki, ötən mövsümün sonunda “Mançester Siti”dəki fəaliyyətini başa vuran 55 yaşlı mütəxəssisin gələcəyi hələ də sual altındadır. 2016–2026-cı illərdə “şəhərlilər”ə rəhbərlik edən, 6 dəfə Premyer Liqa və 2023-cü ildə Çempionlar Liqasını qazanan Qvardiola karyerası ilə bağlı bunları söyləyib: “Düzünü desəm, bundan sonra nə edəcəyimi özüm də bilmirəm. Bu günkü düşüncələrimə əsasən, geri qayıtmaq mənim üçün çətin olacaq. Şəxsi və peşəkar həyatımda baş verənləri yenidən nəzərdən keçirməliyəm. Kataloniyada bir söz var – ‘badar’ (tənhalıq, özünə qapanmaq – red.). Bu, təklikdə qalmaq, özünü təcrid etmək deməkdir. Hazırda etmək istədiyim ilk şey də məhz budur”.
Qeyd edək ki, Pep Qvardiolanın gedişindən sonra “Mançester Siti”nin sükanını 3 illik müqavilə ilə İtaliyadan olan mütəxəssis Entso Mareska devralıb.