“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında iştirak edib. Təcrübəli mütəxəssis komandadakı transfer vəziyyəti, qapıçı Mateuş Koxalskiyə yönələn tənqidlər və rəqibin gücü barədə vacib məqamlara toxunub.
Heyəti gücləndirmək üçün axtarışların davam etdiyini bildirən Qurbanov, istədikləri futbolçuları komandaya cəlb edə biləcəklərinə inandığını vurğulayıb. Ağdam təmsilçisinin çalışdırıcısı polşalı qolkiper Mateuş Koxalski haqqında danışarkən onun psixoloji durumunun qaydasında olduğunu qeyd edib: “Koxalskinin psixoloji vəziyyəti normaldır. Peşəkar futbolçu tənqidlərə hazır olmalıdır. O, ÇSKA ilə Sofiyadakı matçda sadəcə penaltilər seriyasında komandaya kömək edə bilmədi. Ümumilikdə isə oyunlardakı çıxışından narazı qalmadım. Məğlub oluruqsa, tənqid olunmağımız da təbiidir” .
Kiyev “Dinamo”suna qarşı oynamağın prestij olduğunu bildirən baş məşqçi rəqibin ciddi hazırlıq gördüyünü diqqətə çatdırıb: “Bizi vacib səfər matçı kutləyir. Azərbaycanda yaxşı tanınan və böyük azarkeş kütləsi olan güclü kollektivlə üz-üzə gələcəyik. Rəqib bu oyuna o qədər ciddi yanaşır ki, hətta ölkə çempionatındakı matçını təxirə salıb. Belə klublara qarşı oynamağı həmişə bəyənmişəm. Şəxsən özüm uşaq vaxtı Kiyev “Dinamo”sunun azarkeşi olmuşam. Böyümək və daha irəli getmək üçün bu cür rəqiblərlə qarşılaşmalı və qalib gəlməlisən” .