Braziliya A Seriyasında “Koritiba” və “Şapekoense” komandaları arasında keçirilən matçda (2:1) qeyri-adi və tragikomik hadisə yaşanıb. Meydan sahiblərinin mərkəz müdafiəçisi Cesi başla vurduğu qolu azarkeşlərlə qeyd etmək üçün reklam lövhəsinin üzərindən tullanarkən bir neçə metr hündürlükdən gizli tunelə yıxılıb.
Kameraların obyektivindən itən braziliyalı oyunçu tez ayağa qalxaraq sevincinə davam etməyə çalışsa da, sonradan tibbi yardıma ehtiyac duyub. Bütün bunlar azmış kimi, oyunçunun zədələndiyi bu qol VAR tərəfindən ofsayd səbəbindən ləğv edilib. Cesi ilk hissəni yekunlaşdıra bilsə də, fasilədə əvəzlənməli olub.
“Globo” nəşrinin məlumatına görə, qonaq komandanın paltardəyişmə otağına aparan həmin tunelin üstü matç vaxtı qapalı olur. Lakin hadisə ilk hissənin sonlarında baş verdiyindən qapaq artıq açılmışdı və meydansahibi komandanın oyunçusu bundan xəbərsiz idi.
Maraqlıdır ki, bu, həmin stadionda yaşanan ilk belə halla deyil. 12 il əvvəl “San-Paulu”nun hücumçusu Joel də qol sevinci yaşayarkən eyni aqibətlə üzləşərək tunelə düşmüşdü. Hətta o vaxt Joelə kömək edən mühafizəçi bu dəfə də eyni yerdə əyləşərək Cesinin dadına çatıb.