Premyer Liqada I tur Bakıda keçirilən “Qarabağ” – “Şamaxı” qarşılaşması ilə yekunlaşdı. Həftəiçi UEFA Konfrans Liqasında Niderlandın “Tvente” klubu ilə pley-off matçına çıxacaq Ağdam təmsilçisi meydana ciddi rotasiya edilmiş heyətlə çıxsa da, mövsümə inamlı 3 xalla start verdi.
Qarşılaşmanın hesabını 28-ci dəqiqədə “Qarabağ”ın yeni transferi Renaldo Sefas açdı.
Meydanın dərinliklərindən baxımlı reydə başlayan hücumçu iki müdafiəçini ustalıqla geridə qoyaraq çempionatdakı debütünü qolla qeyd etdi – 1:0.
Lakin “Şamaxı” fasiləyə az qalmış hesaba tarazlıq gətirdi. 43-cü dəqiqədə Ağdam klubunun yenilənmiş müdafiə xəttindəki anlaşılmazlıqdan yararlanan Edgar Adilxanov dəqiq zərbə ilə komandaları soyunub-geyinmə otağına 1:1 bərabərliklə yola saldı.
İkinci yarıda təşəbbüsü tamamilə ələ alan meydan sahibləri 59-cu dəqiqədə yenidən önə keçdilər. Kadinin cərimə meydançasına ünvanladığı ötürmədən sonra qonaqların yarımmüdafiəçisi Rikardo Apolinario avtoqol imza atdı – 2:1. “Şamaxı”nın 82-ci dəqiqədə Adilxanovla boşa verdiyi real qol şansından cəmi üç dəqiqə sonra “Qarabağ” qarşılaşmada son nöqtəni qoydu. 84-cü dəqiqədə Musa Qurbanlının zərbəsindən sonra qapıçıdan dönən topu tamamlayan Aleksey Kaşuk görüşün yekun hesabını müəyyənləşdirib – 3:1.
“Qarabağ” – “Şamaxı” 3:1 (1:1)
Qollar: R. Sefas, 28 (1:0), E. Adilxanov, 43 (1:1), R. Apolinario, 59-avtoqol (2:1), O. Kaşçuk, 84 (3:1)
Baş hakim: Rəvan Həmzəzadə
“Qarabağ”: Mateuş Koxalski, Musa Qurbanlı, Kadi (k), Mateus Silva (Bəhlul Mustafazadə, 74), Bruno Lanqa, Coni Montyel (Marko Yankoviç, 56), Renaldo Sefas, Cəbrail Makreckis, Cəli Muaddib (Aleksey Kaşuk, 60), Samuel Lobato (Pedro Bikalyo, 56), Bense Varkonyi (Bədavi Hüseynov, 74)
“Şamaxı”: Rikardu Fernandeş (k), Emin Rüstəmov, Oruc Məmmədov (Həbib İsmayılov, 46), Edgar Adilxanov (Okan Təhməzli, 82), Filipe Markeş (Emil Süleymanov, 64), Rikardo Apolinario, Jota, Ayman Buali (Uğur Cahangirov, 46), Abdullahi Şuaibu (Tornike Axvlediani, 57), Ruy Paşeku, Abdul-Raşid Mumini
Sarı vərəqələr: F. Markeş, R. Fernandeş, R. Paşeku, A. Mumini
Stadion: Bakı, Tofiq Bəhrəmov adına Respublika Stadionu.
I turun digər nəticələri: “Turan-Tovuz” – “Qəbələ” 1:0, “Araz-Naxçıvan” – “İmişli” 0:0, “Sabah” – “Kəpəz” 2:0, “Sumqayıt” – “Neftçi”1:3, “Zirə” – “Şəfa” 2:0