UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Kiyev) – “Qarabağ” oyunu üçün biletlər satışa çıxarılıb.
Avqustun 6-da Polşanın Lublin şəhərindəki “Arena Lublin” stadionunda keçiriləcək qarşılaşmada “Qarabağ” azarkeşləri üçün ayrılan biletlərin qiyməti 49 Polşa zlotısı (təxminən 23 manat) təşkil edir. Biletləri onlayn qaydada əldə etmək mümkündür.
Klub azarkeşlərdən bilet alarkən elektron poçt ünvanlarını düzgün qeyd etmələrini xahiş edib. Stadiona giriş zamanı isə bilet və şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmalıdır.
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşü Danimarkadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Morten Kroq, yan xətt hakimləri Steffen Bramsen və Viktor Skayt olacaq. Yakob Karlsen dördüncü hakim, Yakob Kehlet VAR, Yens Maae isə AVAR funksiyasını yerinə yetirəcək. Komandalar arasında cavab qarşılaşması avqustun 13-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Həmin oyunu İngiltərə Futbol Assosiasiyasından olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Stüart Attvell, köməkçiləri İan Hussin və Nik Qrinhalq olacaq. Lyuis Smit dördüncü hakim, Peter Bankes VAR, Ceyms Bell isə AVAR kimi fəaliyyət göstərəcək.