Qadın voleybolçulardan ibarət millimiz bu gün Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində kritik qarşılaşmaya çıxır. Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız pley-off mərhələsində Türkiyə millisi ilə üz-üzə gələcək.
İstanbuldakı “Sinan Erdem” İdman Salonunda təşkil olunacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Xatırladaq ki, yığmamız Bakıda keçirilən C qrupu matçlarında 8 xal toplayaraq turnir cədvəlini 3-cü pillədə başa vurub və 1/8 finala vəsiqə qazanıb.
Qarşılaşma öncəsi ölkə mediasına açıqlama verən yığmanın keçmiş oyunçusu Natəvan Qasımova komandanın şanslarını dəyərləndirib. Türkiyənin turnirin əsas favoritlərindən biri olduğunu vurğulayan veteran voleybolçu, buna baxmayaraq, komandamızın sürpriz etməyə qadir olduğunu bildirib: “Niyə də Türkiyə millisi üzərində qələbə qazanmayaq? İnanıram ki, qızlarımız sona qədər mübarizə aparacaq və öz oyunlarını nümayiş etdirə biləcəklər. Millimizin bütün oyunlarını izləmişəm, həqiqətən də qələbə üçün canla-başla vuruşurlar. Xüsusilə vətəndə, öz azarkeşlərimizin qarşısında oynamaq hər bir idmançıya əlavə güc verirdi. Hesab edirəm ki, Niderland və Belçika komandalarını da məğlub etmək olardı. Sadəcə, bəzi epizodlarda buraxılan səhvlər nəticəsində həmin matçlardan məğlub ayrıldıq”.