Bu gün Azərbaycan Premyer Liqasında II turun oyunlarına start veriləcək. Turun ilk oyun günündə futbol azarkeşlərini iki maraqlı qarşılaşma gözləyir. Əvvəlcə “Qəbələ” doğma meydanda “Şəfa”nı qəbul edəcək, günün ikinci matçında isə “Zirə” “İmişli”ni sınağa çəkəcək.
Turun açılış qarşılaşmasında üz-üzə gələcək “Qəbələ” və “Şəfa” mövsümə məğlubiyyətlə başlayıb. Lakin komandaların ilk turdakı çıxışları arasında ciddi fərq oldu. “Qəbələ” “Turan Tovuz”la görüşün yalnız son bölümündə özünü yaxşı tərəfdən göstərə bildisə, “Şəfa”nın “Zirə” ilə matçda yeni mövsümə tam hazır olmadığı açıq şəkildə nəzərə çarpdı.
Mövcud vəziyyət və meydan amili nəzərə alındıqda, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi “Qəbələ”nin qələbə şansları daha yüksək qiymətləndirilir. Lakin ilk turda xal itirən hər iki komandanın bu dəfə meydana daha motivasiyalı çıxacağı gözlənilir.
Günün digər qarşılaşmasında “Zirə” “İmişli”ni qəbul edəcək. Mövsümə inamlı start verən Rəşad Sadıqovun komandası avrokuboklarla erkən vidalaşmağın yaratdığı psixoloji təsiri artıq geridə qoyduğunu ilk turdakı çıxışı ilə nümayiş etdirdi.
“Zirə”nin “Şəfa” üzərində qələbəsində komandanın fiziki və funksional hazırlığı da diqqət çəkib. Paytaxt təmsilçisinin rəqibindən bu baxımdan xeyli üstün olduğu açıq görünürdü. Eyni ssenarinin “İmişli” ilə qarşılaşmada da təkrarlanacağı istisna olunmur.
Liderlər qrupunda mövqeyini qorumaq istəyən “Zirə” üçün qələbə seriyasını davam etdirmək olduqca vacibdir. Bununla belə, “İmişli”nin asan təslim olmayacağı və meydan sahiblərinə problem yarada biləcəyi də nəzərə alınmalıdır. Bu baxımdan Rəşad Sadıqovun komandası üçün görüş ilk baxışda göründüyü qədər asan olmayacaq.
18:30. “Qəbələ” – “Şəfa”
Baş hakim: İnqilab Məmmədov
Məkan: Qəbələ Şəhər Stadionu
20:45. “Zirə” – “İmişli”
Baş hakim: Əli Əliyev Məkan: Zirə İdman Kompleksinin stadionu