Ölkəmizin gənc və perspektivli avtoidmançısı Davin Cəfərov Portuqaliyada keçirilən beynəlxalq “TAG Livre Portuguese Trophy” turnirində ölkəmizi layiqincə təmsil edib.
“Karting International West Region” (KIRO) trekində baş tutan gərgin mübarizədə Portuqaliya, İtaliya, Cənubi Afrika, Anqola və Böyük Britaniyadan olan təcrübəli pilotlar qüvvəsini sınayıb. Əlverişsiz hava şəraiti və trekin sürüşkən olması yarışı çətinləşdirsə də, 16 yaşlı Cəfərov yüksək peşəkarlıq nümayiş etdirib. Heç bir qəzaya yol vermədən rəqiblərini geridə qoyan təmsilçimiz finiş xəttini birinci kəsərək turnirin qalibi olub.
Yarış mühitində özünəməxsus tərzi ilə seçilən Davin yalnız sürəti ilə deyil, həm də vətənpərvərliyi ilə diqqət mərkəzinə düşüb. Onun hər qələbədən sonra nümayiş etdirdiyi məşhur “44” jesti komanda yoldaşları və rəqib pilotlar tərəfindən maraqla qarşılanıb. Beynəlxalq arenada “Qartal” ləqəbi ilə tanınan gənc pilot bu jestin Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsinə həsr olunduğunu, dözümlülük və milli qürur rəmzi daşıdığını bildirib.
Karyerasında sürətlə irəliləyən Davin Cəfərovun əsas hədəfi avtoidmanın zirvəsi sayılan “Formula-1” sıralarına yüksəlməkdir. Hazırda inkişaf yolunda olan pilotun növbəti dayanacağı “Formula-4” seriyası olmalıdır. Lakin bu keçidin reallaşması üçün maliyyə dəstəyi mühüm rol oynayır. Sponsorluq məsələsi hələ tam həllini tapmadığı üçün istedadlı idmançımızın “Formula-4″dəki debütü sual altında qalmaqdadır.