UEFA Millətlər Liqasının A Liqasının IV qrupunda V turun oyunları keçirilib. Kriştiano Ronaldoya xüsusi ehtiram mərasimi ilə başlayan Portuqaliya – Danimarka qarşılaşması meydan sahibləri üçün ağır məğlubiyyətlə başa çatıb. Norveç isə Uelsi məğlub edərək qrupda ikinci pilləyə yüksəlib.
Norveç millisi doğma meydanda Uelsə qalib gələrək üç oyundan ibarət uğursuz seriyasına son qoyub. Oslo şəhərində keçirilən görüşdə meydan sahibləri daha fəal təsir bağışlasalar da, Uels də təhlükəli əks-hücumlarla cavab verib. Fasilədən sonra Antonio Nusa hesabı açıb, əvəzedici kimi meydana çıxan Andreas Şelderup isə az sonra fərqi artırıb. Uels Devid Bruksun qolu ilə ümidlənsə də, matçın sonlarında Erlinq Holand penaltini dəqiq yerinə yetirərək yekun nəticəni müəyyənləşdirib – 3:1.
Kriştiano Ronaldonun millidəki 23 illik karyerasına xüsusi ehtiramla başlayan Portuqaliya yığması Danimarka qarşısında darmadağınla üzləşib. Görüşdən əvvəl meydan sahiblərinin futbolçuları Ronaldonun 7 nömrəli forması ilə meydana çıxıblar. Matçın 7-ci dəqiqəsində isə azarkeşlər ayağa qalxaraq Portuqaliya millisinin tarixində ən çox qol vuran futbolçunu alqışlayıblar. Federasiya da keçmiş kapitanına “Təşəkkürlər, kapitan” sözləri ilə vida edib.
Lakin mərasimdən sonra meydanda Danimarkanın üstünlüyü hiss olunub. Fasiləyədək Pyer-Emil Höybyerq penaltidən hesabı açıb. İkinci hissədə Rasmus Höylund dubl edərək qonaqların üstünlüyünü daha da artırıb. Yoahim Andersen dördüncü qolu vurub. Bernardo Silva isə əlavə olunmuş vaxtda Portuqaliyanın təsəlli qoluna imza atıb – 1:4.
Beləliklə, Portuqaliya cari Millətlər Liqasında ilk məğlubiyyətini alıb. Buna baxmayaraq, 12 xalla qrup liderliyini qoruyub.
A Liqası, 4-cü qrup
5-ci tur
Norveç – Uels – 3:1
Nusa, 59; Şelderup, 68; Holand, 87 (pen.) – Bruks, 79.
Portuqaliya – Danimarka – 1:4
Silva, 90+3 – Höybyerq, 43 (pen.); Höylund, 50, 57; Andersen, 75.
| № | Komanda | O | Q | H | M | Toplar | X |
| 1 | Portuqaliya | 5 | 4 | 0 | 1 | 10:8 | 12 |
| 2 | Danimarka | 5 | 3 | 0 | 2 | 11:8 | 9 |
| 3 | Norveç | 5 | 2 | 0 | 3 | 9:9 | 6 |
| 4 | Uels | 5 | 1 | 0 | 4 | 3:8 | 3 |