Polşa millisində son toplanış zamanı meydana çıxmaq şansı qazanmayan Timoş Puxaç “Sabah”a qayıdandan sonra diqqət mərkəzinə düşüb. Müdafiəçi Misli Premyer Liqasının 12-ci turunda “Sumqayıt”la səfər oyununda (5:1) möhtəşəm qola imza atıb.
Polşanın “Sportowy Onet” portalı milli komandanın son nəticələri fonunda futbolçunun klubdakı çıxışına diqqət çəkib. Polşa yığması Rumıniyaya 1:2 hesabı ilə uduzub, İsveçlə isə 1:1 hesablı heç-heçə edib. Baş məşqçi Yan Urban sol cinah müdafiəçisi mövqeyində Oskar Kubyakı sınaqdan keçirib, Puxaça isə heç bir dəqiqə də şans verməyib.
Urban daha əvvəl polşalı futbolçunun müdafiə oyunundan narazı olduğunu gizlətməmişdi: “Pşemıslav Frankovskini sol cinahda oynatmaqla Timoş Puxaça müəyyən mənada onun müdafiə oyunundan tam razı olmadığımı göstərdiyimi anlayıram. Məncə, onun oyun tərzi müdafiəçidən daha çox yarımmüdafiəçiyə uyğundur”.
“Sumqayıt”la görüşdə isə Puxaç özünü yaxşı tərəfdən göstərib. “Sabah”ın ikinci hissədə vurduğu ilk qol polşalı müdafiəçinin hesabına yazılıb. Onun zərbə, yoxsa ötürmə etmək istədiyi dəqiq bilinməsə də, top qapının “doqquzluğuna” düşüb. İndi Puxaçı daha bir böyük sınaq gözləyir. O, klubun sosial şəbəkə hesabında yayımlanan videomüsahibədə noyabrın 25-də “Barselona”ya qarşı keçiriləcək oyunu səbirsizliklə gözlədiyini bildirib: “Bu barədə düşünmək belə çətindir. Dostlarım və ailə üzvlərimlə danışanda ‘Barselona’ya qarşı oynayacağımız hələ də mənə qeyri-real görünür. Sanki yuxudur. Düzünü desəm, görüşü səbirsizliklə gözləyirəm. Çünki nəticə etibarilə bu da adi futbol oyunudur. Bilirəm, bəlkə də çılğın səslənəcək, amma mən ‘Barselona’ya qalib gəlmək istəyirəm. Niyə də yox?”