Andrea Pirlo İtaliya millisinin yeni baş məşqçisi olacaq. Yerli KİV-in məlumatına görə, tərəflər 2030-cu il dünya çempionatının sonunadək nəzərdə tutulan dörd illik müqavilənin bütün şərtləri üzrə razılığa gəliblər. Rəsmi açıqlamanın bazar ertəsi və ya çərşənbə axşamı verilməsi gözlənilir.
2006-cı il dünya çempionu və AVRO-2012-nin finalçısı olan Pirlo yığmada ilinə 1,5 milyon avro maaş alacaq.
Pirlo posta əsas namizədlərdən biri olub. Bundan əvvəl İtaliya Futbol Federasiyası Karlo Ançelotti və Pep Qvardiolanı komandaya gətirmək isəyib. Lakin, hər iki mütəxəssis təklifdən imtina edib. Ançelotti Braziliya millisi ilə yeni müqavilə bağlayıb, Qvardiola isə “Mançester Siti”də keçirdiyi on ildən sonra ailəsinə daha çox vaxt ayırmaq istədiyini bildirib. Məlumata görə, ispan mütəxəssis İtaliya millisini çalışdırmaq üçün illik 20 milyon avro maaş tələb edib.
Pirlo texniki direktor Paolo Maldininin və xüsusi müşavir Leonardonun təklifini dərhal qəbul edib. Onun BƏƏ-nin “United” klubu ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verməsindən sonra təyinat rəsmiləşdiriləcək.
Qeyd edək ki, İtaliya Futbol Federasiyası yığmanın ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra yeni baş məşqçi axtarışına başlamışdı.
